“ParkCinema”da Azərbaycanın görkəmli tarixi şəxsiyyətlərindən biri, mərdliyi və xeyirxahlığı ilə tanınan Məcid ağa Şəkibəyovun həyat yoluna həsr olunan “Şah ölüm” filminin təqdimatı olub.
Globalinfo.az xəbər verir ki, filmin baş rol ifaçısı və ssenari müəllifi Zəka Vilayətoğlu ekran əsərinin “ZVS” Müstəqil Yaradıcılıq Birliyi tərəfindən istehsal olunduğunu bildirib.
Filmdə tanınmış aktyorlar – Əjdər Zeynalov, Elçin İmanov, Hüseyn Nurullahi, Anar Hüseynli və digər sənətçilər rol alıblar.
Məcid ağa Şəkibəyov XIX əsrin sonlarından XX əsrin 30-cu illərinədək Gədəbəydə yaşamış, Qori Seminariyasında təhsil almış, mərdliyi və ədaləti ilə bütün Gəncəbasarda tanınıb.
O, 1918-1920-ci illərdə erməni daşnaklarına, 1929-1930-cu illərdə isə sovet hökumətinə qarşı mübarizə aparıb.
Ehtiyatları tükəndiyi anda belə təslimçiliyi qəbul etməyən Məcid ağa tüfənginin qundağına “Məcidi Məcid vurdu” sözlərini həkk edərək son güllələri ilə özünü qurban verib. Bu addımı ilə o, Azərbaycan tarixində qəhrəmanlıq və şəhidlik zirvəsinə yüksəlib.
Qeyd edək ki, “Şah ölüm” filmi Məcid ağanın fədakar mübarizəsini və şərəfli həyat yolunu tamaşaçılara təqdim etməklə, gənc nəslə milli qəhrəmanlıq ənənələrini aşılamağı qarşısına məqsəd qoyub.