“Ordu yaradın” çağırışı Avropanı qarışdırdı – Sirli ssenaridə Türkiyə izi

İtaliyanın xarici işlər naziri Antonio Tayani Avropa İttifaqını öz ordusunu yaratmağa çağırır. İllər öncə də Fransa demişdi ki, Aİ öz ordusunu yaratmalı, NATO-dan uzaqlaşmalıdır. Bu bəyanatdan sonra Fransada “Sarı jiletlilər” hərəkatı başladı. Həmin vaxt iddia olunurdu ki, bu, ABŞ-ın Fransaya cavabıdır.

Aİ vaxtaşırı ABŞ-ın “arxa bağçası” olmaqdan qurtulmağa çalışır. Təhlilçilərə görə, “Ərəb baharı”, Ukrayna müharibəsi, digər böhranlar ABŞ-NATO tandemi tərəfindən başladılır, cəzasını isə Avropa ölkələri çəkir. Aİ bahalıq, inflyasiya, qaçqın seli və sair problemlər altında qalır.

ABŞ-ın Ukraynaya silah yardımını azaltması Avropa İttifaqı konteksində dəyərləndirilir. Əksər ekspertlər iddia edirlər ki, Birləşmiş Ştatların Ukraynaya maddi və hərbi yardımı azaltmasının əsas səbəbi budur ki, məsuliyyəti Avropanın üzərinə qoysun. Rusiyanın Ukraynaya hücumunun Aİ-nin problemi olduğunu göstərsin.

Bəs bu niyyət – Aİ-nin öz ordusunu yaratması nə zamansa gerçəkləşə bilərmi? NATO (ABŞ) Avropanın bu həddə qədər müstəqilləşməsinə imkan tanıyarmı?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Samir Hümbətov qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi başlamamışdan öncə təxminən 2014-18-ci illərdə Fransa Prezidenti Emmanuel Makron NATO-nun beyin ölümü keçirdiyini demişdi:

Samir Hümbətov

“Ukrayna müharibəsindən sonra məsələ bir qədər arxa plana düşsə də, yenidən gündəmə gəlib. Avropa dövlətlərinin öz ordularını NATO-dan yüksək səviyyədə qurması gözlənilmir. Çünki NATO-nun əsas özəyini ABŞ təşkil edir. Onun maliyyə yardımları ilə Alyans ayaq üstə durur. NATO-nun buraxılması, ABŞ-ın uzaqlaşdırılması inandırıcı deyil.

Yüksək performanslı ordunun qurulması çətin məsələdir. Məsələn, Avropa öz ordusunu qurarsa, NATO dağılacaq, Fransa və Türkiyə Alyansdan çıxacaq. Bu gün NATO-nu ayaqda saxlayan iki ölkədir: Türkiyə və ABŞ. Beləliklə, Avropa İttifaqına üzv seçilməyən Türkiyə onun yaratdığı orduya da daxil olmayacaq”.

Safura Bənnayeva
Globalinfo.az