Dünyanın ən güclü iqtisadiyyatına malik ölkələrin belə trilyonlarla dollar borcu var. ABŞ-ın dövlət borcunun 40 trilyon dolları keçəcəyi, Yaponiyada isə dövlət borcunun ölkə iqtisadiyyatının iki qatından çox olacağı gözlənilir. İlk baxışda bu rəqəmlər maliyyə böhranını xatırlatsa da, iqtisadiyyatda borcun ümumi həcmi ilə yanaşı, onun ÜDM-ə nisbəti də əsas göstəricilərdən biri sayılır.
Bəs ölkələrin borcu niyə yaranır?
Globalinfo.az-a danışan iqtisadçı Emin Qəribli deyib ki, dövlətlərin borclanmasının səbəbləri müxtəlifdir:
“Bunlara büdcə kəsirləri, fövqəladə hallar, təbii fəlakətlər, iqtisadi böhranlar, müharibələr, eləcə də iri nəqliyyat və infrastruktur layihələrinin maliyyələşdirilməsi daxildir. Lakin son illərdə yeni tendensiya müşahidə olunur. Artıq bir çox dövlətlər təkcə böhran dövründə deyil, iqtisadi artımı qorumaq və inkişaf tempini saxlamaq məqsədilə də borclanırlar. Yəni dövlətlər iqtisadiyyata əlavə vəsait yönəltmək üçün borc cəlb edirlər. Buna ən yaxşı nümunələrdən biri ABŞ-dır. Uzun illərdir ki, büdcə kəsirlərinin maliyyələşdirilməsi, infrastruktur layihələrinin həyata keçirilməsi və digər dövlət xərclərinin qarşılanması üçün həm daxili, həm də xarici borc mənbələrindən istifadə olunur. Vergi gəlirləri bütün xərcləri qarşılaya bilmədikdə, borclanma əsas maliyyə alətlərindən birinə çevrilir”.
E.Qəribli bildirib ki, ənənəvi iqtisadi nəzəriyyəyə görə, əsasən inkişaf etməkdə olan ölkələr borclanır:
“Çünki onlar əvvəlcə kənd təsərrüfatını, daha sonra sənayeni inkişaf etdirmək üçün iri investisiyalara ehtiyac duyurlar. İnkişaf etdikdən sonra isə artıq borc alan deyil, borc verən ölkələrə çevrilirlər. Ancaq son onilliklərdə bu yanaşma dəyişib. Xüsusilə 1960-cı illərdən etibarən ABŞ-da dövlət borcu davamlı şəkildə artmağa başlayıb. Hətta iqtisadçılar hesab edirlər ki, gələcəkdə qlobal maliyyə böhranlarının əsas risklərindən biri məhz dövlət borclarının həddindən artıq böyüməsi ola bilər.
Vaxtilə Yaponiya və Almaniya yüksək borclu ölkələr hesab olunmurdu. İkinci Dünya müharibəsindən sonra onların hərbi xərcləri məhdudlaşdırılmışdı və bu, iqtisadi inkişaf üçün əlverişli şərait yaratmışdı. Buna baxmayaraq, son illərdə həmin ölkələrdə də dövlət borcu əhəmiyyətli dərəcədə artıb. Bir çox iqtisadiyyatlarda borclanma artıq davamlı maliyyələşdirmə mexanizminə çevrilib”.
Emin Qəribli
İqtisadçının sözlərinə görə, Azərbaycanın dövlət borcu beynəlxalq müqayisədə aşağı səviyyədədir:
“Bundan əlavə, zərurət yarandıqda Dövlət Neft Fondundan vəsait ayrılması imkanı mövcuddur. Lakin bəzi iqtisadçılar hesab edirlər ki, iqtisadi artımı sürətləndirmək məqsədilə müəyyən həcmdə borclanma da faydalı ola bilər. Borclanmanın mənbələri də fərqlidir. Məsələn, ABŞ həm daxili bazarda dövlət istiqrazları vasitəsilə, həm də xarici investorlar hesabına borclanır. İnkişaf etməkdə olan ölkələr isə daha çox Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və digər beynəlxalq maliyyə institutlarından kredit cəlb edirlər.
Tarixdə Meksika və Argentina kimi ölkələrin nümunələri göstərir ki, həddindən artıq borclanma sonradan ciddi maliyyə problemlərinə səbəb ola bilər. Belə hallarda borc bəzən inkişaf etməkdə olan ölkələrə siyasi və iqtisadi təsir vasitəsinə də çevrilir. İnkişaf etmiş ölkələrdə isə yüksək dövlət borcu olmasına baxmayaraq, onlar adətən belə təzyiqlərlə üzləşmirlər. Buna görə də müasir dövrdə dövlət borcu artıq yalnız inkişaf etməkdə olan ölkələrin problemi deyil, dünya iqtisadiyyatının ümumi və ənənəvi xüsusiyyətlərindən birinə çevrilib”.
Zaira Akifqızı
Globalinfo.az