Novella Cəfəroğlu: “İnsan dostunun ailəsinə qarşı necə belə alçaqlıq edə bilər?!”

Bir qrup şəxs sosial şəbəkələrdə hüquq müdafiəçisi Novella Cəfəroğluya qarşı ittihamlar səsləndirib. Buna səbəb N.Cəfəroğlunun Bəxtiyar Hacıyevlə bağlı fikirləri olub. B.Hacıyevin tərəfdarları N.Cəfəroğlu haqda etikaya sığmayan ifadələr işlədib, onun fəaliyyətinə kölgə salmağa çalışıb. Bu isə sosial şəbəkələrdə, tanınmışlar arasında haqlı narazılıqlara səbəb olub.

Neçə gündür Facebook sosial şəbəkəsində Novella Cəfəroğlunun müdafiəsinə həsr olunmuş yüzlərlə status yazılır, paylaşımlar edilir. Bura partiya sədrləri, deputatlar, QHT sədrləri, jurnalistlər, media rəhbərləri daxildir.

Mövzunu Globalinfo.az-a şərh edən Novella Cəfəroğlu deyib ki, əleyhinə yazılan şərhlər onun əhvalına təsir etmir.

O bildirib ki, bütün baş verənlərə baxmayaraq, Bəxtiyar Hacıyevin azadlığa çıxması üçün ölkə başçısına müraciət edib:

“Adam olub ki, xoşum gəlsə də, gəlməsə də hər zaman müdafiə etmişəm. Çünki hüquq müdafiəçisiyəm, işim kimliyindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşına dəstək olmaqdır. Mən Bəxtiyarı müdafiə etməyə qoşuldum və prezidentə məktub göndərdim. O aclıq aksiyası keçirən zaman vəkilləri, dostları evimə qədər gəlib Bəxtiyara dəstək olmağımı istədilər. Onların yanında hara lazımdır zəng vurub, müraciətlər edirdim”.

N.Cəfəroğlu deyib ki, hətta B.Hacıyevin aclıq aksiyasını dayandırması üçün həbsxana ilə əlaqə saxlayıb:

“Orada çalışanlara dedim ki, Bəxtiyara çatdırın, aclığı dayandırsın, mən onun azad olunmasına nail olacağam. Adama qarşı heç vaxt pis münasibət bəsləməmişəm. Yenə təkrar edirəm: ona görə ölkə başçısına məktub da göndərmişəm, indi də onun azadlığa çıxmasını istəyirəm. Amma o, cəzasını almalıdır. Demirəm həbsdə qalsın, yox. Cərimə təyin olsun və o hər cərimə ödəyən zaman qadınlara qarşı bu cür davranışın yanlış olduğunu xatırlasın”.

Hüquq müdafiəçisi B.Hacıyevin etdiklərinə haqq qazandıra bilmədiyini deyib:

“Mən bu adamın etdiklərinə necə haqq qazandıra bilərəm?! O, camaatın qızına, yoldaşına qarşı əxlaqsızlıq edib. Hər şeyin bir həddi var! Adama deyərlər, şəkilləri, yazışmaları saxlamaqda məqsədin nədir?! Bunları toplamaqda, saxlamaqda hansı niyyətin olub?! Belə çıxır ki, onun məqsədi başqa imiş. Bir insan öz dostunun ailəsinə qarşı necə belə alçaqlıq edə bilər?! Hələ bu azmış kimi, xanımları, dostlarını pis vəziyyətə qoyub! Başqa vaxt haqq-ədalətdən danışan, tanınmış və evli şəxslərin bu cür kirli addımlarını pisləyən biri, nə üçün özü belə addım atıb?!”

N.Cəfəroğlu belə bir addımın tamamilə yanlış olduğunu bildirib:

“Sən tanınmış, hörmət qazanmış, ictimai fəal, haqq tələb edən birisən. Xalqın arasında olan biri necə belə addım ata bilər?! Bu görüntülər məni çox üzdü. Təəssüf ki, insanların inandığı bir adam xanımları bu yolla alçaltmağa çalışıb. Bundan sonra sənə kim güvənər?! O yazışmaları, şəkilləri telefonunda saxlamaqla, çox böyük səhvə yol verib”.

Qeyd edək ki, ictimai fəal Bəxtiyar Hacıyevin bir neçə xanımla, o cümlədən ictimai fəallarla şəxsi yazışmaları, intim görüntüləri və səs yazıları yayılıb. Sosial şəbəkə istifadəçiləri və bir çox tanınmış simalar Hacıyevi həmin məlumatları silməməkdə günahlandırıb.

Zaira Akifqızı
Globalinfo.az