Bakıda hava yenidən dəyişir – Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında külək güclənəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasında noyabrın 11-i gündüzdən 12-si axşamadək cənub küləyinin 15-18 m/s, arabir 20-23 m/s, 13-də gündüz isə şimal-qərb küləyinin arabir 18-23 m/s-dək güclənəcəyi gözlənilir.

***

Noyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Globalinfo.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi şəhərətrafı ərazilərdə yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 11-16° isti, gündüz 16-20° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-10° isti, gündüz 17-22° isti, dağlarda gecə 3° şaxtadan 2°- dək isti, gündüz 4-8° isti olacaq.

***

Noyabrın 11-nə olan məlumata əsasən noyabrın 10-da ölkə ərazisində qeyri-sabit, küləkli, yağıntılı hava şəraiti müşahidə olunub, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb.

Milli Hidrometeorologiya Xidmətindən Globalinfo.az-a verilən məlumata görə, noyabrın 10-da axşam saatlarından güclü külək tədricən zəifləyib, 11-də səhər saatlarından yağıntılar kəsilib.

Düşən yağıntının miqdarı Astarada 45 mm (aylıq normanın 29%-i), Lənkəranda 24 mm (aylıq normanın 14%-i), Yardımlı, Xaltan, Altıağac, Lerik, Qəbələ, Zaqatala, Qax, Qrız, Naxçıvan, Oğuz, Şəki, Quba, Şamaxı, İsmayıllı, Biləsuvar, Ağsu, Şahdağ, Mingəçevir, Sabirabadda 6 mm-dək olub.

Qar örtüyünün hündürlüyü Qrızda 1 sm olub. Şamaxı, Qrız, Lerik, Şəmkirdə duman müşahidə olunub.

Noyabrın 11-də və 12-də ölkə ərazisində hava şəraitinin nisbətən mülayim, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.