“Netanyahunun qələbə qazanması Türkiyə-İsrail münasibətlərini sonlandıracaq” – İddia

“Benyamin Netanyahunun bloku ilə birlikdə parlamentin 120 yerindən 65-nə yiyələnməsi Türkiyə ilə normallaşma prosesini faktiki olaraq bitirəcək”.

Bu sözləri Globalinfo.az-a Türkiyənin Dumlupınar Universitetinin Siyasi Elmlər və Beynəlxalq Münasibətlər kafedrasının müdiri, Prof. Dr. Husaməddin İnanc, İsrail parlament seçkilərində Benyamin Netanyahu blokunun qalib gələcəyi halda Türkiyə-İsrail münasibətlərinin necə olacağını şərh edərkən deyib.

Onun sözlərinə görə, xüsusilə Netanyahunun blokunda yer alan şəxslərdən biri – İtamar Ben-Gvir qurulacaq yeni hökumətdə Daxili İşlər Nazirliyini tələb edir:

“Bu şəxs xüsusilə Məscidül-Əqsaya yönəlik hücumları dəstəkləməsi ilə tanınır. Netanyahunun seçkilərdə qələbə qazanması həm də Fələstin coğrafiyasında İsrailin genişlənməsi və Fələstin dövləti ümidlərinin bitməsi deməkdir. Onun bu istiqamətdə ciddi fəaliyyət göstərəcəyini düşünürəm.

Əlbəttə ki, Türkiyə Fələstin məsələsinə əvvəllər olduğu kimi bu gün də səssiz qalmayacaq. Qüds məsələsi isə Türkiyənin qırmızı xətti olaraq qalır. Netanyahunun Fələstinə və Qüdsə yönəlik siyasəti Türkiyə-İsrail münasibətlərini yenidən gərginləşdirə bilər.

Prezident Rəcəb Tayyib Ərdoğanın Fələstin və Qüds məsələsindəki mövqeyi də hər kəsə bəllidir. Bu mənada iki ölkənin münasibətlərinin normallaşması prosesi Netanyahunun seçkilərdə qələbə qazanması ilə yekunlaşacaq deyə bilərəm”.

H.İnancın sözlərinə görə, Netanyahunun seçkilərdə qələbə qazanmasının müsbət tərəfləri də var:

“Məsələ ondadır ki, hazırda ABŞ və Avropada demokrat yəhudi lobbiləri Benyamin Netanyahu və onun quracağı hökumətin əleyhinədir. Ümumiyyətlə, yəhudi lobbisi arasındakı ixtilaf mövcuddur. Türkiyə bu ixtilafdan istifadə edərək regional maraqlarını təmin edə bilər”.

Politoloq İlqar Vəlizadə isə hesab edir ki, B.Netanyahu Türkiyə ilə münasibətlərin normallaşması prosesini davam etdirəcək:

 

Türkiyənin Suriyada planlaşdırdığı əməliyyatların hədəfi nə olacaq – politoloq şərhi - 27.12.2018, Sputnik Azərbaycan

“Netanyahunun hakimiyyətdə olduğu dövr Türkiyə-İsrail münasibətlərinin ən kritik dövrü hesab edilir. “Mavi Mərmərə” hadisəsindən sonra İki ölkə münasibətləri, hətta müharibə həddinə belə gəlib çatmışdı. Digər tərəfdən, İsrail-Türkiyə münasibətlərinin pisləşməsində Ərdoğan və Netanyahu arasındakı şəxsi münasibətlərin pozulmasının da təsiri olmuşdu.

Lakin bu o demək deyil ki, Netanyahunun ilk işi Türkiyə ilə normallaşma prosesini baltalamaq olacaq. Nəzərə almaq lazımdır ki, hazırda siyasi proseslər daha fərqli cərəyan edir və istər Türkiyə, istərsə də İsrail üçün xarici təhdidlər artıb. Bu baxımdan münasibətlərin normallaşmasının davam edəcəyini düşünürəm.

Düzdür, Netanyahu blokunda qatı milliyyətçilər olsa da milli maraqlar baxımından Türkiyə ilə münasibətlərin pozulmamasına diqqət ediləcək”.

Turan Rzayev, Globalinfo.az