“ABŞ-ın Ukraynaya yardımları savaşda dönüş yaratmağa kifayət etmir. Kiyevin istədiyi silahlar və F-16 qırıcıları tam göndərilməyib. Ona görə də Rusiya cəbhədə üstünlüyünü davam etdirir”.
Globalinfo.az xəbər verir ki, bunu politoloq Elşad Həsənov deyib.
O bildirib ki, son vaxtlar Rusiya Xarkov, Zaparojye və digər istiqamətlərdə bir sıra yaşayış məntəqələrini ələ keçirib:
“Ukrayna Prezidenti Volodimir Zelenski çıxışlarında verilən dəstəyin az olduğunu dəfələrlə bildirib. ABŞ dövlət katibi Entoni Blinken Britaniyanın “Sky News“ telekanalına müsahibəsində demişdi ki, rəsmi Vaşinqton Kiyevə Rusiyanı “ATACMS” raketləri ilə vurmağa icazə verə bilər. Bu, müharibənin daha da uzanmasına səbəb olacaq. Hazırda Rusiya işğal etdiyi əraziləri özündə saxlamaq şərti ilə sülh müqvailəsi imzlamağa hazırdır”.
Elşad Həsənov
Politoloqun sözlərinə görə, Ukrayna bütün torpaqlarının, o cümlədən Krımın azad edilməsinə nail olacağını düşünür:
“Ona görə də hazırda Rusiya ilə bu şərtlər daxilində sülh müqaviləsi imzalamaq istəmir. “ATACMS” raketləri vasitəsilə rəsmi Kiyev Rusiyanın strateji obyektlərinə, hərbi aerodromlarına, yanacaq, silah-sursat anbarlarına ağır zərbələr endirəcək”.
E.Həsənov prosesdə Qərbin məqsədinin nə olduğuna da aydınlıq gətirib:
“Rusiyanı zəiflədib, çökdürməyə çalışırlar. Məlum olduğu kimi, rəsmi Moskva çox böyük nüvə sursatına malikdir. Onu birdən-birə dağıdıb, məhv etmək mümkün deyil. Rusiyanın nüvə silahından istifadə etməsini nə Avropa, nə də Qərb istəyir. Hazırda Kreml böyük sanksiya altında olduğu üçün öz məhsullarını Asiya ölkələrinə, xüsusən Hindistan və Çinə satmağa çalışır. Məhsulların çox ucuz qiymətə satılması Rusiya iqtisadiyyatına böyük zərbə vurur. Qərb bu siyasəti uzun müddət davam etdirmək niyyətindədir”.
Safura Bənnayeva
Globalinfo.az