Navalnının ölüm əmrini kim verdi? – Gözlər və şübhələr bu ünvana yönəlib

Xəbər verdiyimiz kimi, Rusiya müxalifətinin liderlərindən olan Aleksey Navalnı cəzaçəkmə müəssisəsində öldü. Bildirilib ki, Navalnı gəzintidən sonra özünü pis hiss edib, huşunu itirib.

Aleksey Navalnının ölümü kifayət qədər diqqət çəkir. Artıq indidən onun Prezident Vladimir Putinin təlimatı ilə öldürüldüyü deyilir. Diqqətçəkən digər bir fakt isə bənzər hadisələrin bundan öncə də baş verməsidir.

Belə ki, Rusiyanın sabiq baş naziri Boris Berezovskinin Britaniyada müəmmalı intiharı, keçmiş baş nazir Boris Nemtsovun Moskvada sui-qəsdə uğraması, Aleksndr Litvinenkonun İngiltərədə zəhərlənməsi, Sergey Skripalın qızı Yuliyanın zəhərlənməsi, “Vaqner” Xüsusi Hərbi Şirkətinin rəhbəri Priqojinin təyyarəsinin vurulması şübhələri və nəzərləri yenidən Kremlə tuşlayıb.

Kremlin sözçüsü Dmitri Peskov isə Navalnının ölümü ilə bağlı “Rusiya Federal Penitensiar Xidməti bu məsələ ilə bağlı yoxlamalar həyata keçirir. Bunun üçün xüsusi tapşırığa ehtiyac yoxdur. Navalnının ölüm səbəbini ekspertiza üzə çıxarmalıdır” – deyib.

Bəs iddialar nə dərəcədə doğrudur? Seçki öncəsi Putin belə riskli gediş edə bilər? Qərb Rusiya əleyhinə istifadə etdiyi agent provokatorlarını nə üçün bir-bir qurban verir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, Aleksey Navalnının ölümü gün kimi aydındır:

Elxan Şahinoğlu

“Bu, konkret sifarişli qətldir. Qətlin sifarişini isə birbaşa Rusiya Prezidenti Vladimir Putin verib. Putin rəqiblərini heç bir halda bağışlamır. Hətta bu rəqiblər Rusiya xaricində olsa belə gec-tez cəzalanır. Berezovskinin Britaniyada “intihar” etməsi, Litvinenkonun zəhərlənməsi bunun ən yaxşı örnəkləridir.

Navalnının özü də bir müddət öncə zəhərlənmişdi. Hətta o məhz buna görə Almaniyaya getmişdi. Amma Navalnının seçimi vardı. O başına gələcəkləri yaxşı bilirdi. Yəni geri dönməyə də bilərdi. Rusiyaya qayıdarkən elə havada təyyarədə həbs edildi.

Hesab edirəm Navalnının ölümü Rusiya liberallarını hiddətləndirəcək. Düzdür, genişmiqyaslı bir aksiyaların olacağını düşünməsəm də daxildəki narazılıq bir az daha artacaq. Onsuz da Ukrayna müharibəsində Rusiyanın üzləşdiyi itkilərə görə, Rusiya cəmiyyətində narazılıq hakimdir. Hətta daxili federal subyektlər belə mərkəzdənqaçma siyasəti aparır.

Qərb Navalnının ölümündən istifadə edərək daxildəki narazılığı artırmağa çalışacaq. Seçki öncəsi gərginliyin artması Putinin prestiji üçün heç də yaxşı deyil”.

Politoloq Zeynal Əmrəliyev isə deyib ki, Navalnı Putinin ən böyük düşməni sayılırdı:

Zeynal Əmrəliyev

“Şübhəsiz ki, onun ölümündə ilk ağlagələn, həmçinin elə ən güclü versiya onun məhz Kreml tərəfindən aradan götürülməsidir.

Putin, Mixail Xodorkovski və onun ətrafında öz hakimiyyətinə təhlükə gördüyü Yeltsin dövründən qalma milyarder korpusunu məhv etdi, daha təhlükəli fiqurları isə aradan götürdü.

Bəs Navalnını bu qədər təhlükəli edən nə idi? Təbii ki, təkcə onun müxalifət lideri kimi fəaliyyəti deyildi. Navalnı indiki iqtidar içində bir çoxlarının ümid qaynağı idi. Onunla bəzi iri məmurların danışıqlara getdiyi barədə məlumatlar da var idi. Həqiqətən də Kremldə bəzən Putini Navalnı ilə əvəz etmək barədə müzakirələrin getdiyi haqda mediaya məlumatlar sızırdı.

Navalnını Putin üçün təhlükəli edən onun da Putin kimi radikal vətənpərvər çıxışlar etməsi idi. Məsələn, Navalnı Krımın işğalına tam dəstək verən bir siyasətçi idi. Onun xalq, xüsusilə rus gəncləri arasında hörməti çox böyük idi. Martdakı seçkilər Vladimir Putinin sonuncu seçkisi ola bilər. Ehtimal ki, Putin bu müddətdə öz varisini hazırlamaqla məşğul olacaq. Putin hakimiyyəti öz sağlığında, özünün nəzarəti altında təhvil vermək istəmir.

Navalnı sistemdən kənar adam idi və Putin rejimi üçün böyük təhlükə sayılırdı. Bəlkə də sistemin içində olsaydı Putinin xələfi olmağa ən layiqli namizəd elə Navalnı olardı. Navalnı və Putini düşmən edən ən böyük səbəb Navalnının indiki sistemi tənqid etməsi idi. Navalnı təkcə Putini yox, hazırda mövcud olan sistemi yıxmaq istəyirdi. Putin və komandası üçün onun məhvi buna görə labüd idi. Navalnını sıradan çıxarmaqla Putin bir daha Rusiyada sıradan belə olsa siyasi yumşalmaya, hansısa müxalif çıxışa imkan verməyəcəyini göstərdi. Martdakı seçkidən sonra Rusiya var gücü ilə Ukraynada əməliyyatları genişləndirəcək. Putin heç bir halda daxildə müxalif səs istəmir. Həm də qarşıdakı 6 ildə varis məsələsi həllini tapmalıdır. Müxalifətin başı beləcə kəsilib atıldı. Rusiya müxalifəti toparlanıb özünə yeni lider tapmalıdır. Navalnı Putinizmi yıxmaq yolunda növbəti qurban oldu. Böyük hədəflər qət etdi, ancaq Kremlin divarlarını aşa bilmədi”.

Turan Rzayev
Globalinfo.az