Sükut pozuldu: İran kəndlərin qaytarılmasına belə “sevindi”

İran XİN-in sözçüsü Nasir Kənani deyib ki, Ermənistanla Azərbaycan arasında sərhəd probleminin həlli Cənubi Qafqazda sabitliyin və sülhün bərqərar olması üçün lazımdır.

“Biz Azərbaycan və Ermənistan arasında birgə demarkasiya komissiyasının iclasında əldə olunmuş razılaşmalara hörmətlə yanaşırıq. Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması üçün iki ölkənin bir-birinin suverenliyinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət edərək sərhəd məsələlərinin həlli istiqamətində dinc səyləri davam etdirməsi zəruridir”, – Kənani bildirib.

Azərbaycanla Ermənistan arasında Qazaxın 4 kəndinin qaytarılması barədə razılaşma əldə olunmasını Rusiya, Türkiyə də daxil olmaqla, ABŞ və Avropa Birliyinin əksər ölkələri alqışlayıb. İran isə yalnız indi münasibət bildirir. Münasibətin XİN sözçüsü səviyyəsində olması və Tehranın prosesi alqışlamaması diqqət çəkir.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Zeynal Əmrəliyev deyib ki, İranın Azərbaycana qarşı qısqanc münasibəti bilinən məsələdir:

“Azərbaycan torpaqları işğal altında qalanda səsini çıxarmayan rəsmi Tehran Azərbaycan öz torpaqlarını azad etdiyi zaman sərgilədiyi mövqe ilə ölkəmizə qarşı olan münasibətini açıqca nümayiş etdirdi.

Müharibə dövründə İrandan Ermənistana yük avtomobillərinin hərəkəti, İran rəsmilərinin davamlı verdiyi açıqlamalar iki ölkə arasında mehriban qonşuluq münasibətlərinə böyük zərər vururdu. Tehran həmçinin əsassız şəkildə Zəngəzur dəhlizinin açılmasına da öz etirazını bildirir.

Dəfələrlə izah edilməsinə baxmayaraq İran rəsmiləri bu dəhlizlə bağlı fikirləri təhrif edirlər. 4 kəndin qaytarılması və Azərbaycan-Ermənistan arasında sülh prosesi ilə bağlı tarixi şansın əldə edilməsinə İranın sadəcə “hörmət edirik” deyib keçməsi cənub qonşumuzun yaradılan müsbət atmosferdən nə qədər məyus olduğunu göstərir”.

Ekspert deyib ki, ABŞ və bir çox Avropa dövləti kəndlərin qaytarılmasını və yüksək sülh mühitinin qurulmasını alqışladığı halda İranın bu cür mövqe sərgiləməsi həqiqətən də bir qonşu olaraq bizi məyus edir:

“Azərbaycan bütün qonşuları, o cümlədən İranla mehriban münasibətlərin yaranması üçün var gücü ilə çalışır. Hər zaman bunun üçün müxtəlif görüşlər keçirilib, müsbət bəyanatlar verilib. Ancaq əfsus ki, qarşı tərəf Azərbaycanın mövqeyinə adekvat cavab vermir. Hələ də İranda Azərbaycana qarşı düşmən mövqeyində olan “Hüseyniyyun” adlı qruplaşmanın üzvləri var.

Tehran onları himayə edir, Azərbaycana təhvil verməkdən yayınır. Bu, ikitərəfli münasibətlərin inkişafına kölgə salan haldır. İran rəhbərliyi buna son qoymalıdır. Münasibətlərin bu şəkildə inkişafı yalnız İranın özü üçün problemlər yaradacaq. Rəsmi Bakı hər zaman mehriban qonşuluq münasibətləri qurulmasının tərəfdarı olub və İrandan, həmçinin digər qonşularından da bu cür qarşılıq gözləyir”.

Turan Rzayev
Globalinfo.az