NATO baş katibindən qorxunc proqnoz: Rusiyanın bu ölkələri…

NATO Baş katibi Yens Stoltenberq Alyansın xarici işlər nazirlərinin Belçikanın paytaxtı Brüsseldə keçirilən iclasında deyib ki, Vladimir Putin sülhə yox, daha böyük müharibəyə hazırlaşır. O, bildirib ki, NATO Moldova, Gürcüstan və Bosniya və Herseqovina da daxil olmaqla Rusiyadan təzyiq hiss edən digər tərəfdaşları da dəstəkləyəcək.

Maraqlıdır, indiki məqamda Rusiyanın belə potensialı varmı? NATO baş katibinin bu bəyanatı ciddiyə alınmalıdırmı? Rusiya yeni ölkələri işğal etmək üçün nəsə edə bilərmi?

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Qabil Hüseynli deyib ki, Rusiya-Ukrayna müharibəsi fonunda Kremlin yeni ölkələrə birbaşa müharibə açması real deyil:

“NATO Baş katibi Yens Stoltenberqin qeyd etdiyi ölkələrə Rusiyanın təsir imkanları var. Xüsusilə Moldova və Gürcüstanda bu təsir tez-tez özünü büruzə verir. Gürcüstanda bir müddət öncə baş verən etirazlar, hakimiyyət daxili fikir ayrılıqları Kremlin bu ölkədəki varlığını göstərir. Digər tərəfdən Moldovada ciddi bir Rusiya təsiri var. Xüsusilə ruspərəst eks-prezident İqor Dodon faktoru hələ də aktualdır.

Qabil Hüseynli

Rusiya həm Moldova, həm də Gürcüstana etnik münaqişə də yarada bilər. Söhbət heç də Gürcüstandakı Osetiya və Abxaziya və ya Moldovadakı Dnesteryanı bölgədən getmir. Bunlar mövcud münaqişələrdir. Söhbət Moldovada hər an alovlana biləcək Qaqauziya və Gürcüstandakı Acariya, Cavaxetiya və Borçalı məsələsidir.
Rusiya qeyd etdiyim təzyiq kartlarını hər an aktivləşdirə bilər. Lakin bu, Kremlin sözügedən ölkələrə birbaşa hərbi müdaxilə etməsi demək deyil. Belə bir şey olsa Rusiyaya qarşı beynəlxalq koalisiya qurula bilər”.

Politoloq qeyd edib ki, Rusiyanın Bosniya Hersoqovinayaya təsir imkanları Moldova və Gürcüstana nəzərən azdır:
“Bu ölkə Rusiyadan çox uzaqdır. Bəli, Bosniya özü də kifayət qədər problemlərin olduğu bir ölkədir. Lakin Rusiya çətin ki, Bosniyaya birbaşa hərbi müdaxilə etməyi gözə alsın”.

Turan Rzayev
Globalinfo.az