Gözlənilən qorxunc müharibələrin siyahısı – Bu ölkələr…

Beynəlxalq Böhran Qrupunun “2024-cü ildə izləniləcək 10 münaqişə” adlı hesabatına görə Azərbaycan-Ermənistan münaqişəsi indiki şəraitdə başa çatmış görünsə də, risklər hələ də qalmaqdadır.

Hesabatda deyilir ki, üçüncü tərəflərin iştirakı olmadan aparılan dekabr razılaşması ilə hərbi əsirlərin mübadiləsinin təmin edilməsi və Ermənistanın Azərbaycanın 2024-cü ildə dünya iqlim sammitinə – COP29-a ev sahibliyi ilə bağlı jesti iki ölkə arasında sülh danışıqları ilə bağlı ümidverici hadisələr olsa belə ikitərəfli danışıqlarda qeyri-müəyyənlik yeni qarşıdurmalara gətirib çıxarda bilər.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, Beynəlxalq Böhran Qrupunun 2024-cü ildə baş verməsi ehtimal olunan münaqişələr siyahısına Azərbaycanla Ermənistanı əlavə etməsi təəccüblü deyil:

“Çünki bu təşkilat hər il uyğun cədvəl və proqnozlar hazırlayır. Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin hələ də imzalanmaması və münaqişəyə səbəb ola biləcək məsələlərin mövcudluğu münaqişənin yenidən başlama ehtimalını artırır. Amma Ermənistanla Azərbaycanın siyahının sonunda 9-cu yerdə qərar tutması bu ehtimalın olduqca zəif olduğuna da işarədir. Müqayisə üçün qeyd edək ki Böhran Qrupunun 2023-cü il üçün hazırladığı siyahıda Azərbaycanla Ermənistan 2-ci yerdə dururdu. Bu il isə 9-cu sıradadırlar.

The USA Vs China: Scenarios Of The New Cold War 2021 - Inventiva

Digər tərəfdən ABŞ ilə Çin arasında münaqişə isə 10-cu yerdə qərar tutub. Deməli, Azərbaycanla Ermənistanın 2024-cü ildə müharibə etmə ehtimalları ABŞ-Çin arasında baş verə biləcək müharibə ehtimalına az qala bərabərdir.

Beynəlxalq Böhran Qrupunun bu siyahısını nəzərə aldıqda nəticə çıxarmaq mümkündür ki, Ermənistan və onun arxasında dayanan qüvvələr ciddi-cəhdlə münaqişə yaratmağa cəhd etsələr də 2024-cü ildə buna nail olmaq şansları az qala sıfıra bərabərdir. Deməli, Ermənistanın Fransanı təhriki ilə Azərbaycanla sərhəddə təxribatlar yaratmaq cəhdi nəticə verməyəcək”.

Politoloq deyib ki, Beynəlxalq Böhran Qrupu tərəfindən hər il hazırlanan bu siyahıları doqma kimi qəbul etmək düzgün deyil:

“Çünki ötən illər ortaya çıxan proqnozlarla bu ilkini müqayisə etdikdə məlum olur ki, onların baş vermə ehtimalı heç 50 faizə çatmır. Bu o deməkdir ki, qrupun verdiyi hipotezlər sadəcə mülahizələrdir. Bu ilki siyahını da düşünürəm ki, ciddi qəbul etmək mümkün deyil və orada Rusiya-Ermənistan münaqişəsi yer tutsaydı, daha məntiqli olardı. Çünki son hadisələr fonunda Rusiyanın Ermənistanla münaqişəsi daha real görünür, nəinki Ermənistan-Azərbaycan münaqişəsi”.

Turan Rzayev
Globalinfo.az