polis turk

ABŞ və Finlandiyada 1 milyard dollarlıq kriptovalyuta fırıldağı törətməkdə şübhəli bilinən və barəsində “İnterpol” tərəfindən qırmızı bülleten elan edildiyi bildirilən ABŞ vətəndaşı Riçard Ceyms Şueler İstanbulda saxlanılıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Akın Gürlek sosial media hesabında məlumat yayıb.

    Bildirilib ki, İstanbul Respublika Baş Prokurorluğunun koordinasiyası, İstanbul Polis İdarəsinin Kəşfiyyat və Maliyyə Cinayətləri ilə Mübarizə şöbələrinin iştirakı və Milli Kəşfiyyat Təşkilatının (MİT) dəstəyi ilə aparılan əməliyyat nəticəsində şübhəlinin İstanbulda olduğu müəyyən edilib.

    Oktyabrın 14-də Beşiktaş rayonunda keçirilən əməliyyat zamanı Şueler və onun həyat yoldaşı saxlanılıb. Sonrakı tədbirlər çərçivəsində Şuelerin mühafizəsini həyata keçirdikləri müəyyən edilən daha üç nəfər də saxlanılıb.

    Beşiktaş, Üsküdar və Sarıyer rayonlarında ümumilikdə 15 ünvanda aparılan axtarışlar zamanı 7 milyon 150 min ABŞ dolları və 160 min lirə, müxtəlif markalara məxsus 300 çanta, 100 cüt ayaqqabı, 136 eynək, 28 qol saatı, 97 ədəd zinət əşyası və digər qiymətli əşyalar, 29 mobil telefon, 12 noutbuk, 11 kompüter bloku, 19 SSD və xarici yaddaş qurğusu, 46 USB yaddaş kartı, 19 videokart, 4 uzunlüləli tüfəng, 3 lisenziyasız tapança və 1 400 patron aşkarlanaraq götürülüb.

    Şübhəlilər barəsində hüquqi prosedurların və götürülən materiallarla bağlı araşdırmaların davam etdiyi bildirilib.

    Akın Gürlek Türkiyənin transmilli cinayət törətməkdə şübhəli bilinən və beynəlxalq axtarışda olan şəxslərin sığınacağına çevrilməsinə imkan verməyəcəklərini bildirib.

    Paylaş: