irsadddd

“İrşad Electronics”də korporativ satış şöbəsinin rəhbəri olmuş Ruslan Hüseynovun məhkəməsi başlayıb.

Globalinfo.az bildirir ki, “Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində ilk iclas keçirilib.

Ruslan həbsdə deyil, onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.

İlk iclasda təqsirləndirilən şəxsin vəkili Vüqar Əliyev üç vəsatət qaldırıb. Vəkil əvvəlcə məhkəmədən xahiş edib ki, “İrşad Electronics” MMC-dən işə aid sənədlər tələb edilsin.

Buraya satış müqavilələri, ödəniş və bank sənədləri, daxili sistemin elektron jurnalı (loqoları), Ruslanın korporativ yazışmaları, daxili qaydalar və audit hesabatının əsasını təşkil edən ilkin sənədlər daxildir. Bundan əlavə, müdafiəçi şirkət əməkdaşlarının şahid qismində çağırılmasını və müvafiq bankdan müvəkkilinin kart hesabı üzrə çıxarışlarının gətirilməsini istəyib.

Növbəti vəsatətlər Ruslan Hüseynovun günahsız olduğu üçün cinayət işinə xitam verilməsi, əks halda işin baxılmadan prokurora qaytarılması və yolverilməz sübutların iş materiallarından çıxarılması ilə bağlı olub. Vəsatətlər müxtəlif sübutlarla əsaslandırılıb.

“İrşad Electronics”in nümayəndəsi isə Ruslanın elə ilk iclasda həbs edilməsini tələb edib.

hakimm(7)

İşi araşdıran hakim Azər Tağıyevin “Niyə həbs edilməlidir?” sualına isə “İrşad”ı təmsil edən vəkil gözlənilməz cavab verib. Nümayəndə deyib ki, təqsirləndirilən şəxs sayt və sosial şəbəkələrdə şikayət edir, bu iş barədə danışır. Bu da “İrşad”ın imicinə ziyan vurur.

Ruslanın müdafiəçisi isə bu vəsatəti gülünc hesab edib, şəxsin mediaya çıxdığı üçün həbs edilməsinin fikir azadlığının boğulması kimi qiymətləndirilə biləcəyini deyib.

Prokuror işlə tam tanış olmadığı üçün qaldırılan vəsatətlərlə bağlı qərar növbəti iclasa saxlanılıb.

Qeyd edək ki, R.Hüseynov “İrşad”a 240 min manat ziyan vurmaqda ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib. Təqsiri sübuta yetirilərsə, 10 ilə kimi həbs edilə bilər. Amma o, ittihamı qəbul etmir.

R.Hüseynov haqqında cinayət işi başlanılmamışdan əvvəl saytımıza etdiyi müraciətdə deyib ki, öhdəlikləri yerinə yetirsə də, bir müştərinin məhsul alıb pulunu verməməsi bütün həyatını və karyerasını alt-üst edib. “İrşad Electronics”in nümayəndələri ona zəng edərək nöqsanına görə 240 000 manat maddi ziyanın olduğunu deyib, həmin məbləği tələb edib. Bu barədə əvvəlki yazımızda ətraflı tanış olmaq olar. Açıqlamalarından bir müddət sonra isə Ruslan haqda cinayət işi başlanıb.

Paylaş: