Türkiyənin dünya siyasətində rolu artır. Ankara Güney Qafqazda, Yaxın Şərqdə, Rusiya-Ukrayna müharibəsində ciddi söz sahibinə, aparıcı, bəzi hallarda qurtarıcı rola malik olur. Hətta ABŞ-nin regiondakı siyasətində, NATO-nin geopolitik və hərbi manevrlərində Türkiyə önəmli rola malikdir. Hətta bəzi analitiklər iddia edirlər ki, yaranmış şəraitdə ABŞ-NATO tandemi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana möhtac qalıb. Bu da Türkiyənin dünya siyasətində rolunu ciddi artırır.
Türkiyənin Azərbaycanla strateji müttəfiqliyini nəzərə alsaq, Ankaranın dünya və region siyasətində rolunun artması Bakının da imkanlarını genişləndirir. Xüsusilə Qarabağ məsələsində, yekun sülh sazişinin imzalanmasında, Zəngəzur dəhlizinin açılmasında Türkiyənin Azərbaycana çox böyük faydası toxuna, dəstəyi ola bilər.
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Züriyyə Qarayeva deyib ki, Türkiyənin bu gün sadəcə regional deyil, qlobal miqyasda qiymətləndirəcəyimiz supergüc dövlət olması danılmaz faktdır:
“Bu gün istər regionda, istərsə də dünyada gedən proseslərdə Ankara yönverən statusdadır. Türkiyə Liviyada qanuni hökumətin dəstəklənməsində, İraqın, Suriyanın terrorçulardan təmizlənməsində iştirak etdi, minlərlə miqranta qucaq açdı.
Şərqi Aralıq dənizində ona qarşı formalaşmış güclü cəbhəyə rəğmən öz milli maraqlarını müdafiə edə bildi.
Qırmızı dənizdə, Fars körfəzində tələblərini diktə etdi. Rusiya-Ukrayna müharibəsində Ukraynanı dəstəklədi, ən müasir silahlarla təmin etdi. Qətər ətrafında yaranmış beynəlxalq qalmaqalda əzilən tərəfin yanında mövqe tutdu”.
Xanım ekspert bildirib ki, Ankaranın Bakıya dəstəyi etnik-milli köklər, qardaşlıq ənənələrindən ziyadə bu ölkənin dünyada formalaşmış haqqı tapdalanan tərəfin yanında olma ritorikasından irəli gəlirdi:
“Yəni Türkiyə Azərbaycanı yalnız qardaşlığına görə yox, həm də haqlı tərəf olduğuna görə dəstəkləyir. 44 günlük müharibədə mənəvi, hərbi yardımlardan ziyadə post-münaqişə dövründə Azərbaycana göstərilən dəstək, tərəfdaşlıq münasibəti hüquqi sənədlərin çərçivəsindən daha da irəli getdi”.
Politoloqun sözlərinə görə, Şuşa Bəyannaməsi siyasi, iqtisadi, hərbi mənada strateji müttəfiqliyimizi təsdiq edirdisə, prezident Ərdoğanın Bakıya və işğaldan azad edilmiş bölgələrə səfəri bu əməkdaşlığın daha geniş prizmasını gözlər önünə sərdi:
“Bakıya qarşı təhdid sovuran güclərə “Biz Azərbaycanın yanındayıq” mesajını verdi. Hərbi təlimlərlə gövdə göstərişi edən İrana qarşı ortaq hərbi təlimlər keçirərək onları qarşıdurma zamanı nələrin gözləyəcəyi ilə bağlı “dodaquçuran” mənzərə yaratdı.
Dəstək sadəcə hərbi, mənəvi kontekstdə deyil. Bu gün tərəflər strateji baxımdan fundamental layihələrin icrasında ortaq maraqlardan çıxış edir. İmperialist güclər tərəfindən məqsədli şəkildə parçalanan türk dünyası Üçtərəfli bəyanatın şərtlərinə əsasən bərpa oluna bilər. Fiziki-trayektorial əngəllər aradan qalxa bilər. Siyasi əlaqələrin birliyi-bütövlüyü çərçivəsində isə bu günə qədər atılmış addımlar öz töhfəsini artıq verib. Qarabağla bağlı yerdə qalan problemlərin həll olunmasında da Ankara və Bakının sinxron hərəkətlənmələrinin şahidiyik. Bütün bu proseslər Türkiyə-Azərbaycan ittifaqını sərgiləməklə yanaşı, digər türkdilli dövlətlər üçün də presedent təşkil edir və 21-ci əsrin yaranacaq yeni beynəlxalq münasibətlər sistemində türk birliyinin ayrıca qütb, nizam olmasını labüd edir”.
Turan Rzayev
Globalinfo.az