“Paşinyan real və tarixi Ermənistan mövzusundan tez-rez danışır”.
Globalinfo.az xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Qeqam Manukyan deyib.
O bildirib ki, Paşinyan indi “Real Ermənistan” konsepsiyasını irəli sürsə də, əslində özü daim “tarixi Ermənistan”la bağlı fikirlər səsləndirib:
“Mən başa düşmək istəyirəm ki, əgər “tarixi Ermənistan” bu qədər qəbuledilməzdirsə, Münhendə Əliyevlə debat zamanı (2020-ci ilin fevralı) Böyük Tiqranın hakimiyyətini niyə xatırlatdınız?
Əgər “tarixi Ermənistan” bu qədər pisdirsə, Ağrı dağından danışanda düşünmədinmi ki, bu da “tarixi Ermənistan”dır? Əsl Ermənistan təkcə Kirantsdırsa, onun da bir hissəsini itirmişik”.
Qeyd edək ki, 2020-ci il fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyanın debatı keçirilib. Debat zamanı Paşinyan “Böyük Tiqran”dan danışmış və absurd “tarixi torpaqlar” məzmunlu fikirlər səsləndirilmişdi.
Əliyar Xəlil
Globalinfo.az