ABŞ–İran münasibətlərində gərginliyin yenidən hərbi eskalasiya həddinə çatması və Prezident Donald Trampın Tehranı açıq şəkildə zərbə ilə hədələməsi beynəlxalq gündəmdə Çin amilini yenidən ön plana çıxarıb. Vaşinqton–Tehran qarşıdurması adətən regional və transatlantik kontekstdə müzakirə edilsə də, prosesin qlobal ölçüsü, xüsusilə də Pekinin maraqları çox zaman lazımi diqqətdən kənarda qalır. Halbuki ekspertlər Çinin hazırda İranın əsas strateji tərəfdaşlarından biri olmaqla yanaşı, onun neft ixracının başlıca alıcılarından sayıldığını bildirir.
Bundan əlavə, Pekin və Tehran arasında uzunmüddətli və sistemli əməkdaşlığın hüquqi çərçivəsini formalaşdıran 25 illik strateji saziş mövcuddur. Təməli hələ 2016-cı ildə qoyulan və 2021-ci ildə rəsmiləşdirilən bu razılaşma enerji, infrastruktur, nəqliyyat, təhlükəsizlik və investisiya sahələrini əhatə edir. Məhz bu kontekstdə mümkün ABŞ hərbi müdaxiləsinin təkcə İran üçün deyil, Çin üçün də ciddi iqtisadi və geosiyasi nəticələr doğuracağı istisna edilmir.
İrana hücum olarsa, Çin buna necə reaksiya verəcək?
Globalinfo.az-a danışan Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, siyasi şərhçi Sədrəddin Soltan bildirib ki, İran ilə Çin arasında əhatəli müqavilə 2021-ci ilin mart ayında imzalanıb:
“Müqavilə 25 illik dövrü əhatə edir. Onun ümumi dəyəri təxminən 200 milyard dollar təşkil edir. Razılaşma energetika, sosial-iqtisadi sahələr, eləcə də hərbi əməkdaşlığı nəzərdə tutur. Beş il əvvəl İran hakimiyyəti üçün bu müqavilə böyük uğur kimi qiymətləndirilirdi. İndiyə qədər İran ilə Çin arasında müqavilənin icrası çərçivəsində həm energetika, həm də hərbi sahədə müəyyən razılaşmalar həyata keçirilib.
On iki günlük müharibədən sonra bu istiqamətdə əlaqələr daha da intensivləşdi. Çünki Rusiya İran üçün hava hücumundan müdafiə sistemləri və döyüş təyyarələrinin verilməsini gecikdirirdi. Müharibədən sonra İran hakimiyyəti Rusiyanın bu davranışından narazılığını gizlətmədi və Moskvanı tədricən Çinlə əvəzləməyə başladı. Çin İranı hava hücumundan müdafiə sistemləri və döyüş təyyarələri ilə təmin etdi. Bu alışların əhəmiyyətli hissəsi neft barteri yolu ilə həyata keçirildi.

Sədrəddin Soltan
İran neftinə ABŞ tərəfindən sanksiyaların tətbiq edilməsi və Tehrana silah satışına dair məhdudiyyətlər Çin–İran arasında 25 illik müqavilənin icrasında problemlər yaradır. ABŞ Pekini İranla müəyyən istiqamətlərdə əməkdaşlığa görə tarifləri artırmaqla hədələyir. Donald Trampın Çini İranı dəstəkləməkdən çəkindirməyə çalışmasının səbəbi də budur. Venesuelada Nikolas Maduro ilə bağlı proseslər də Çini çətin vəziyyətə salır. Eyni zamanda ABŞ-ın İranın “kölgə donanması”nı sıradan çıxarması Pekin üçün əlavə risklər yaradır. Çünki Çin ilə İran arasında neft ticarətinin bir hissəsi məhz qara bazar və kölgə donanmalar vasitəsilə həyata keçirilirdi.
Pekin perspektivdə ABŞ ilə İran arasında razılaşmanın əldə olunmasına üstünlük verəcək. Bundan əvvəl Hindistanda oxşar situasiya yaşanmışdı və hazırda Hindistan ABŞ-ın təklif etdiyi şərtlər əsasında hərəkət edir”.
Turan Rzayev
Globalinfo.az