yunan

Yunanıstan 4,2 milyard avro dəyərində genişmiqyaslı silahlanma proqramına start verir. Proqramın əsasını hava hücumundan və raket əleyhinə müdafiə, eləcə də pilotsuz uçuş aparatlarına qarşı mübarizə imkanlarını özündə birləşdirən “Axilles qalxanı” adlı yeni müdafiə sisteminin yaradılması təşkil edir.

Globalinfo.az xəbər verir ki, bu barədə “Tech” nəşri məlumat yayıb.

Məlumata görə, layihə Türkiyə ilə davam edən gərginlik fonunda İsrail və Kiprlə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək. Yunanıstanın müdafiə naziri Nikos Dendias bildirib ki, ölkə müdafiə sahəsində yeni dövrə qədəm qoyur. Layihəyə ayrılan vəsaitin təxminən 3 milyard avrosu İsrail istehsalı olan müdafiə sistemlərinin və komponentlərinin alınmasına sərf ediləcək.

Silahlanma proqramına İsrail istehsalı “Heron” pilotsuz uçuş aparatları, Braziliyanın “Embraer C-390 Millennium” hərbi-nəqliyyat təyyarələri, ABŞ istehsalı “Apaçe” hücum helikopterləri üçün raketlər və digər müasir silah sistemlərinin alınması da daxildir.

Qeyd olunur ki, proqram Baş nazir Kiriakos Mitsotakisin hökumətinin 2025-ci ildə elan etdiyi genişmiqyaslı hərbi islahatın tərkib hissəsidir. Afina bunu ölkənin müasir tarixində silahlı qüvvələrin ən böyük modernləşdirmə proqramı kimi qiymətləndirir.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: