Modi

Hindistan hakimiyyəti Baş nazir Narendra Modinin “Facebook”da paylaşdığı videonun müvəqqəti məhdudlaşdırılması ilə bağlı “Meta”dan izahat istəyib.

Globaçinfo.az xəbər verir ki, bu barədə Hindistanın Elektronika və İnformasiya Texnologiyaları Nazirliyinin katibi S.Krişnan bildirib.

“Qurum şirkətə müraciət edərək hadisənin təfərrüatlarının aydınlaşdırılması üçün “Meta”nın yüksək səviyyəli rəhbərlərinin danışıqlara cəlb olunmasını istəyib. Görüş zamanı həm şirkətin daxili siyasəti, həm də hadisənin texniki tərəfləri müzakirə olunacaq”, – deyə bildirilib.

Krişnanın sözlərinə görə, “Meta” hökumətə məktub göndərərək baş verənlərə görə təəssüfünü bildirib və hadisənin səbəbləri ilə bağlı öz izahını təqdim edib.

Şirkət həmçinin iyulun 28-dən etibarən tanınmış şəxslərin hesabları üçün yeni təhlükəsizlik və nəzarət protokollarının tətbiq edildiyini bildirib.

Hindistan tərəfi problemin dəqiq səbəblərini müəyyənləşdirmək və “Meta”nın gələcəkdə bu cür halların qarşısını almaq üçün iş proseslərini necə dəyişəcəyini öyrənmək niyyətindədir. Tərəflər arasında görüşün yaxın 7-10 gün ərzində keçirilməsi gözlənilir.

Hadisə Modinin imtahan materiallarının sızmasına qarşı mübarizəyə həsr olunmuş videosunun “Facebook”da qısa müddətə əlçatmaz olmasından sonra baş verib. “Meta” iyulun 28-də videonun səhvən silindiyini və sonradan bərpa edildiyini açıqlayıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: