Misir prezidentinin Cənubi Qafqaz səfərinin pərdəarxası – Əs-Sisi niyə gəlir?

Yaxın günlərdə Misir Prezidenti Əbdülfəttah əs-Sisi Cənubi Qafqaza gələcək. Misir liderinin Ermənistana və Azərbaycana səfəri planlaşdırılır.

Bununla bağlı politoloq Əhəd Məmmədli Globalinfo.az-a bildirib ki, Misir ərəb dünyasının iki açar ölkəsindən biridir.

Ekspert qeyd edib ki, görünür, Misir dünyada gedən proseslərdə öz təsirini artırmaq istəyir və Ermənistana, sonra Azərbaycana ən yüksək səviyyədə səfərlər planlaşdırılır:

“Misir hələlik Azərbaycan-Ermənistan münasibətlərində neytral mövqe tutub. Amma biz təbii ki, müsəlman ölkəsi olaraq Misirin Azərbaycanın yanında olmasını gözləyirik. Amma Fələstin məsələsində mövqeyinə baxsaq, ondan çox şey də gözləmək lazım deyil”.

Əhəd Məmmədli

Ə.Məmmədlinin sözlərinə görə, Misir ən yaxşı halda Azərbaycan-Ermənistan münasibətlərində neytral mövqedə qalacaq:

“Nəzərə alsaq ki, Məhəmməd Mursinin devrilməsindən və Əbdülfəttah əs-Sisinin hakimiyyətə gəlməsindən sonra Türkiyə ilə Misir arasında münasibətlər kifayət qədər gərginləşdi. Amma düşünürəm ki, Azərbaycanla münasibəti Türkiyə ilə münasibətinə paralel deyil. Və Misir çalışacaq ki, Azərbaycanla münasibətlərini qoruyub saxlasın, hətta inkişaf etdirsin”.

Politoloq əlavə edib ki, Misir nə qədər neytral mövqedə dursa da, çox gözəl anlayır ki, regionda və dünyada Azərbaycanın çəkisi Ermənistandan daha böyükdür və Azərbaycanla münasibətlər daha önəmlidir.

Gülnar Səlimova
Globalinfo.az