Mehriban Əliyeva Əminə Ərdoğanla görüşdü – FOTOLAR

Azərbaycan Birinci vitse-prezidenti Mehriban Əliyeva Türkiyənin birinci xanımı Əminə Ərdoğanla görüşüb.

Globalinfo.az xəbər verir ki, Dövlət Qonaq Evində baş tutan təkbətək görüş zamanı Sıfır Tullantı Fondu və Heydər Əliyev Fondu arasında əməkdaşlığa dair məsələlər müzakirə edilib.

Birinci xanım Əminə Ərdoğan Mehriban Əliyeva Azərbaycanın ev sahibliyi edəcəyi Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransının təşkilində (COP29) uğurlar arzulayıb.

Görüşdən sonra birinci xanım Ərdoğan sosial şəbəkədəki paylaşımında bu sözləri qeyd edib:

“Azərbaycan Prezidentinin əziz xanımı, dostum Mehriban Əliyeva ilə görüşdük. Mən Mehriban xanım Əliyevaya Qarabağ Zəfəri nəticəsində 30 ildən sonra seçkinin bütün Azərbaycan torpaqlarında yüksək iştirakla keçirilməsindən məmnunluğumuzu bildirdim.

Bu il Azərbaycanın ev sahibliyi edəcəyi COP29 ilə bağlı birgə həyata keçirə biləcəyimiz işlər haqqında da fikir mübadiləsi apardıq.

Yenidən Prezident seçilən cənab İlham Əliyevi və onun dəyərli həyat yoldaşı Mehriban Əliyevanı ürəkdən təbrik edir, onlara uğurlu fəaliyyət arzulayıram. Ümid edirəm ki, seçkidəki qələbə dost Azərbaycan xalqına xeyir gətirəcək”.