Makron nə üçün Mərkəzi Asiya ilə yaxınlaşmağa çalışır?

Fransa Prezidenti Emmanuel Makron bu həftə Mərkəzi Asiya ölkələri Qazaxıstana və Özbəkistana səfər edib.

Globalinfo.az bildirir ki, BBC müxbiri İdo Vok onun səfərinə nəzər salıb.

Səfər regionun Avropa üçün artan əhəmiyyətini göstərir – hədəfdə nüvə yanacağı və faydalı qazıntılar var.

Səfər, qismən də Qazaxıstan və Özbəkistanla biznes əlaqələrini gücləndirmək cəhdidir, lakin Prezidentin bu səfərini başa düşmək üçün bir qədər əvvələ – iyul ayına baxmaq lazımdır.

Qərbi Afrika ölkəsi Nigerdə baş vermiş hərbi çevriliş Fransanın önəmli nüvə sənayesi üçün təchizatın təhlükədə ola biləcəyi ehtimalını artırdı.

Əslində narahatlıq əbəsdir. Niger ötən il Fransanın uran tədarükçüləri arasında ikinci olub. Birinci yerdə Orta Asiya ölkəsi Qazaxıstan idi.

Prezident Makron çərşənbə gününü dünyanın ən böyük uran istehsalçısı olan Qazaxıstanda keçirib.

Cümə axşamı günü isə o, Özbəkistanda idi – Qazaxıstanın özü kimi mühüm yanacaq istehsalçısı olan qonşusunda. Hər iki ölkəni avtoritar hökumətlər idarə edir.

Çərşənbə günü mətbuat konfransı zamanı Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Fransanı “əsas və etibarlı tərəfdaş” kimi tərif edib.

Cənab Makron bu komplimentə tərifli sözlərlə cavab verib və cənab Tokayevə Qərbin Rusiyaya qarşı sanksiyalara əməl etdiyinə görə təşəkkür edib.

Ukraynanı işğalından sonra Rusiyanın Avropa İttifaqına neft ixracı kəskin şəkildə azaldığı üçün Qazaxıstan hazırda Norveç və ABŞ-dan sonra Aİ-nin üçüncü ən böyük neft təminatçısıdır.

Lakin elektrik enerjisinin 60 faizdən çoxunu nüvə enerjisi ilə istehsal edən Fransanın marağının əsasında Mərkəzi Asiya uranı durur.

Bunun müqabilində Qazaxıstan, öz mühəndislərini və yerli nüvə enerjisi sənayesini inkişaf etdirməyə çalışdığı üçün, fransızların bilik və bacarıqlarından yararlanmağa ümidlidir.

“Qazaxlar bizim nüvə təcrübəmizə böyük maraq göstərirlər”, – Fransanın Qazaxıstandakı nümayəndə heyətinin üzvü deyib.

Nümayəndə bildirib ki, Fransanın dövlətə məxsus EDF şirkəti Qazaxıstanın ilk atom elektrik stansiyasının tikintisində maraqlıdır, Paris hökuməti isə Fransa universitetlərinin Qazaxıstanda filiallarının yaradılmasını istəyir.

Fransa ənənəvi olaraq, Nigerdəki fransız şirkətləri tərəfindən idarə olunan mədənlərdən uranın böyük bir hissəsini – ən çoxunu olmasa da – idxal edir. Ancaq Nigerdən Fransaya uran təchizatının gələcəyi sual altındadır – iyul ayında hərbi çevriliş nəticəsində Fransa əleyhinə xunta hakimiyyətə gəlib.

Paris iddia edirdi ki, çevriliş Fransanın ölkənin enerji təchizatına heç bir təhlükə yaratmır və ölkəniniki illik uran ehtiyatı var.

Lakin cənab Makronun səfəri belə bir önəmli təchizatçıda siyasi qeyri-sabitliyin təsirləri ilə bağlı Parisdə hiss edilən təşvişdən xəbər verir.

Qazaxıstanın paytaxtı Astanada yaşayan siyasi təhlilçi Dosım Satpayev deyir ki, səfər Mərkəzi Asiyanın regionda bir əsrdən artıq dominantlıq edən Rusiya ilə münasibətlərində köklü dəyişiklərin baş verdiyi vaxta təsadüf edir.

O, Ukraynadakı müharibədən sonra Rusiyanın təsirinin azaldığını bildirib.

“Hərbi əməkdaşlıq azdır, müharibədən sonra Rusiyaya münasibət daha da pisləşib”, – cənab Satpayev deyir.

“Mərkəzi Asiya hökumətləri bu barədə açıq danışmırlar – amma bu, baş verir”, – o əlavə edir.

Xarici işlər naziri Sergey Lavrov ötən həftə Rusiyanın “qonşuları, dostları və müttəfiqlərini” Moskvadan uzaqlaşdırmaq istəyənlərin cəhdlərini pisləyib. Mərkəzi Asiyanın Avropa ilə çiçəkləməm münasibətlərində də gərginlik var.

Aİ və ABŞ xəbərdarlıq edib ki, Rusiya Mərkəzi Asiya ölkələri vasitəsilə Qərbdən mal idxal etməklə sanksiyalardan yan keçir.

Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi (OCCRP) tərəfindən aparılmış araşdırmaya görə, bunlara Qazaxıstandakı Rusiyaya məxsus törəmə şirkətlər vasitəsilə idxal olunmuş DJI pilotsuz təyyarələri və Qərb istehsalı olan mikroçiplər daxildir.

OCCRP bildirir ki, mallar və komponentlər Rusiyanın müharibə gücünü artırmaq üçün istifadə olunur.

Rusiya hələ uzun çəkəcək müharibə aparmaqda və Ukrayna Qərbin dəstəyinin Moskvanın gücü qarşısında yetərsiz olacağından narahat olmaqda ikən, paralel idxal məsələsi Mərkəzi Asiya-Aİ münasibətlərinin isinməsinə mane ola bilər.

Eyni dərəcədə əhəmiyyətli digər bir mövzu Çinin təsirinə qarşı çıxmaqdır.

Pekinin hələ ki, bölgədə hərbi mövcudluğu güclü deyil, amma onun Mərkəzi Asiyadakı iqtisadi izi son illərdə əhəmiyyətli dərəcədə artıb. Çinin Kəmər və Yol təşəbbüsünün (BRI) “Kəmər” hissəsi Çindən Mərkəzi Asiya vasitəsilə Avropaya aparan quru yollarını əhatə edir.

Mərkəzi Asiyada 100-dən çox BRI layihəsi maliyyələşdirilib və beləliklə, yeni layihələr xalq arasında “Kitayski” (Çinə məxsus) kimi ifadə olunur.

Fransa və Aİ Çinlə birbaşa sərhədləri olan regionda ciddi maliyyə nüfuzu qazanmağa ümid edə bilməz.

Lakin bu səfəri ilə cənab Makron Rusiyanın bəzi ənənəvi tərəfdaşlarını Qərbə baxmağa sövq etmək üçün Ukraynada gedən müharibənin yaratdığı strateji imkandan yararlanmağa ümid edir.