***05.01.26 15:45
İraqda müharibədən öncə günlük neft hasilatı 3.5 milyon barel olub. İraq neftini Rusiya, Fransa və Çin şirkətləri çıxarırdı. 1972-ci ildən 2003-cü ilə kimi belə davam edib. Amerika və İngiltərə şirkətləri İraq neftinə yaxın belə düşə bilmirdilər. 2003-də ABŞ və Böyük Britaniya İraqı işğal edib, neft yataqlarının üstünə qondular. İraq neftinin əsas müştərisi Yaponiya olub. Yaponiya o dövr üçün dünyanın ikinci ən zəngin iqtisadiyyatı olan ölkəsi idi. ABŞ İraqı işğal edərək Yapon iqtisadiyyatını da ovcunun içinə almış oldu. Soruşula bilər ki, Yaponiya üçün nə fərqi var nefti hardan, kimdən aldı? Məsələ burasındadır ki, nefti kim satırsa, nəzarət də onun əlində olur.
2003-cü ilin martında ABŞ və İngiltərə BMT Təhlükəsizlik Şurasının (TŞ) razılığı olmadan gecə ilə İraqa hücum etdi. Müttəfiq qoşunlar ildırım sürəti ilə irəlilədi. BMT TŞ-nin 5 üzvündən üçü – Çin, Rusiya və Fransa bu əməliyyatlar üçün veto hüququndan istifadə edərək, ABŞ-ın İraqa girməsinə qarşı çıxmışdılar. Amma buna məhəl qoyulmadı. Son vaxtlar beynəlxalq hüququn işləmədiyi tez-tez xatırladılır. Amma 23 il öncə də vəziyyət indikindən o qədər fərqlənmirdi. Beynəlxalq hüququ təsis edənlər, onun keşiyində dayandıqlarını bəyan edənlər bu dəyəri zaman-zaman ayaqlar altına alıb, çığnayıb.
İraqa girmədən öncə Vaşinqton bəyan edirdi ki, Səddam Hüseyn kimyəvi silah hazırlayır. Digər qadağan edilən silahlardan istifadə edir. Terror və başqa arqumentlər də ədviyyat şəklində bu ideologiyanın böyründə beynəlxalq ictimai rəyə yeridilir, yedirdilirdi. Ən əsas tezis isə demokratiya, insan haqları, azadlıq idi. Qərb, əsasən də ABŞ bu “sehirli” adlarla kamuflyaj olaraq on illərdir siyasətini yürüdür.
İraq əməliyyatı başlayanda Azərbaycanda müxalifətçilər necə sevinirdi… Onlara elə gəlirdi, Amerikanın o dövrdəki prezidenti Corc Buş Bakıya qoşun yeridib, hakimiyyəti AXCP-Müsavat koalisiyasına təhvil verəcək. Həmin il ölkəmizdə prezident seçkiləri keçiriləcəkdi. Müxalifətçiləri ruhlandıran həm də bu idi. Düşünürdülər, ABŞ Səddam Hüseyni devirdikdən sonra Cənubi Qafqazda demokratiya, azadlıq yelləri əsəcək. Əslində 2003-cü il seçkisindən sonra müxalifət anladı ki, o, Qərb üçün prioritet təşkil etmir. Fəqət yenə də bir ölkə ABŞ-ın, Avropa İttifaqının hədəfinə gələndə, bizim Bakıda bəzi müxalifətçilərin qəlbində ümid ocaqları qalanır… İstər bu, yaxın Gürcüstan olsun, istər uzaq Venesuela.
Donald Trampın Venesuela əməliyyatı ilə Corc Buşun İraq əməliyyatı arasında məntiq bağlılığı var. Hər ikisinin hədəfi Amerikanın və öz iqtidarlarının marağıdır. Bir fərq var: Ata və oğul Buş Birinci və İkinci körfəz müharibələrində Pentaqonun qaba gücündən yararlandı. Müharibə etdilər, hərbi əməliyyat keçirdilər. Ata Buş 1991-ci ildə Səddam Hüseyni məğlub edə bilmədi. 12 il sonra yarımçıq qalan işi onun prezident oğlu reallaşdırdı.
D.Tramp Venesuelanı müharibəsiz ələ keçirdi. Üstəlik, Nikolas Maduronu ilk cəhddə həbs edib, əli qandallı əsir götürdü.
Venesuela yerləşdiyi coğrafi mövqe, eləcə də zəngin karbohidrogen ehtiyatları baxımdan böyük güclər üçün hər zaman cazibədar ölkə olub. Vaşinqton neçə illərdir buranı ələ keçirmək istəyirdi. Donald Tramp hakimiyyətinin 1 ilinin tamam olması ərəfəsində bu addımı atmaqdan çəkinmədi. Necə deyərlər, özünün bir illik prezidentliyinə hədiyyə etdi.
Yaxın Şərq ölkələrindən neft ixrac etməkdənsə Cənubi Amerikanın neft-qaz və başqa yeraltı sərvətləri ilə aşıb-daşan ölkələrini ələ keçirmək ABŞ-a daha faydalı görünə bilər. Amma Vaşinqton üçün Yaxın Şərq ölkələri həm də öz nüfuzunu qorumaq, iqtisadi, logistik, geopolitik üstünlüyünü təmin etmək üçün vacibdir. Yuxarıda yazdığımız kimi, nefti kim satırsa, nəzarət də onun əlində olur. Bu, həm də ABŞ-a neftin dünya bazar qiyməti ilə “oynamaq” imkanı verəcək.
Bakı, 2005-ci il, “Qələbə” meydanı, “Azadlıq” seçki blokunun mitinqi
İraqda Səddam Hüseyn devrildi, amma bu ölkə nə azad oldu, nə xoşbəxt. ABŞ əsgərlərinin çəkmələrinin dəydiyi ölkələrdə uzun illər xaos yaranır. Xalqları bədbəxt olur. Bu, Rusiya üçün də eynidir. Rus hərb maşını da xeyli ölkəni viran qoyub, bunun acıları hələ də yaşanır.
Venesuelada legitim olmayan hakimiyyət vardı. Nikolas Maduro da diktator olub. İndən sonra bu ölkədə nələr yaşanacaq? Ağ günə çıxacaq? Xoşbəxt gələcəyə qovuşacaq? Çətin ki belə olsun.
ABŞ-da Venesuela əməliyyatı birmənalı qarşılanmır. Buna sərt reaksiyalar var. Siyasətçilər, jurnalistlər bunun mənfi tərəflərinə diqqət çəkirlər. ABŞ-ın keçmiş vitse-prezidenti və prezidentliyə namizəd Kamala Harris Donald Trampın Venesuela Prezidenti Nikolas Maduroya qarşı əməliyyatını sərt şəkildə pisləyib:
“Maduronun qəddar, qeyri-legitim diktator olması bu əməliyyatın qanunsuz və axmaq olması faktını dəyişmir. Biz bu filmi əvvəllər görmüşük. Rejim dəyişikliyi və ya neft hasilatı uğrunda müharibələr güc kimi təqdim olunur, lakin xaosa çevrilir və Amerika ailələri bunun bədəlini ödəyir. Amerika xalqı bunu istəmir və xalq yalanlardan bezib”.
Harris nöqtə zərbəsi endirib! O qədər dəqiq ifadə edib ki… Amma onun özü hakimiyyətdə olsaydı, lap ABŞ-ın prezidenti seçilsəydi, Ağ Ev oxşar siyasətdən əl çəkəcəkdi? Başqa ölkələrə müdaxilə etməyəcəkdi?
Daha 20-25 il öncə deyil ki, Amerika xilaskar obrazında görünsün. Mitinq və yürüşlərdə bu ölkənin prezidentinin şəklini yeniyetmə oğlan başının üzərinə qaldırıb ondan ölkəsinin demokratikləşməsini istəsin. Kamala Harris demiş, heç Amerika xalqı da bunlara inanmır.
Dünyada buna inanan axırıncı sadəlöhvlər isə bəzi azərbaycanlılardır. Bir qismi Bakıda yaşayır, bir neçəsi xaricdə. Onlar özlərini inandırmağa çalışırlar ki, “Amerika gələcək, zülm bitəcək”. Ona görə də Trampa Maduronu həbs etmək üçün “dəstək” verdilər. Az qala desinlər, “ayə, qoyma, qaçdı”…
Amerikanın bura gəlməsinə isə icazə verilib. Prezident İlham Əliyev 8 avqustda Vaşinqtonda Ağ Evdəki görüş zamanı ölkəsinin gələcəyini, təhlükəsizliyini inşa etdi. “Tamp marşrutu” (Trump Route) adlanan meqalayihə 5 aydır start götürüb. Bir azdan Zəngəzur dəhlizi açılacaq. Ordan keçən müəzzəm karvanlar bizim sadəlöhvlərin sonuncu ümidini da tapdayıb keçəcək.
Azər Ayxan
Globalinfo.az

