Rusiya–Azərbaycan münasibətlərində son aylarda yaşanan gərginlik fonunda Bişkekdə Prezident İlham Əliyev və Prezident Vladimir Putin arasında baş tutan ayaqüstü qısa söhbət diqqət çəkib. Liderlərin görüş zamanı daha isti və səmimi görüntü verməsi Moskva-Bakı xəttində münasibətlərin yenidən normallaşacağı ilə bağlı gözləntiləri artırıb.
Bəs Rusiya ilə münasibətlərin düzəlməsi Azərbaycanın xarici siyasətində hansı dəyişikliklərə səbəb olacaq? Bakı Moskva ilə münasibətlərdə yeni səhifə açmağa hazırlaşırmı?
Globalinfo.az-a danışan Bakı Politologiya Klubu İctimai Birliyinin sədri, politoloq Zaur Məmmədov deyib ki, Bişkekdə Azərbaycan və Rusiya liderləri arasında görüş keçirilməyib:
“Bu, sadəcə ayaqüstü müəyyən təmas idi. Bu gün iki ölkə arasında bir sıra çağırışlar var. Həmçinin kifayət qədər ciddi iqtisadi perspektivlər də mövcuddur. Hər halda rəsmi Moskva yaxşı bilir ki, Azərbaycanın istəkləri nədən ibarətdir və maraqları nələrdir.
Təbii ki, liderlər bir-birini çoxdan tanıyır. İki ölkə arasında köklü münasibətlər var. Hər iki tərəf öz istəklərini açıq şəkildə ifadə edib. Lakin müəyyən vaxtlarda bu istəklər ya toqquşur, ya da anlaşılmazlıqlar yaranır.
Cənubi Qafqaz bu gün transformasiya olunur. Bölgədə əvvəlki konfiqurasiya artıq yoxdur. Köhnə konfiqurasiyada Rusiyanın rolu mühüm idi. İranın da bu və ya digər formada proseslərdə rolu vardı.

Zaur Məmmədov
Bu gün isə yeni konfiqurasiya formalaşır. Bakı bu proseslərin əsas söz sahibidir. Azərbaycan bir çox digər dövlətlərdən fərqli olaraq Rusiya və İrana nəqliyyat perspektivlərindən istifadə etməyi təklif edib.
Vaxtilə Azərbaycan israrla deyirdi ki, məsələ sülh yolu ilə həll olunmasa, müharibə başlayacaq və kim bizim yanımızda olsa, regional proseslərdə pay sahibi olacaq, indi də Zəngəzur dəhlizi ilə bağlı eyni prinsip keçərlidir. Bu prosesdə kim bizim yanımızda olacaqsa, qazanacaq, qarşımızda olacaqsa, itirəcək”.
Turan Rzayev
Globalinfo.az