Ermənistan tərəfindən mina xəritələrinin tam təqdim olunmaması ən başlıca problemlərdən biridir.
Globalinfo.az xəbər verir ki, bunu xarici işlər nazirinin müavini S.Şərifov “Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi” mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransı çərçivəsində “Azərbaycanda mina fəaliyyəti vasitəsilə təhlükəsiz bərpanın dəstəklənməsi üçün beynəlxalq əməkdaşlıq və donor mexanizmləri” panel sessiyasındakı çıxışında deyib.
O, Bakıda keçirilən bu konfransın beynəlxalq təşkilatların nümayəndələrini və qlobal inkişaf üzrə mütəxəssisləri bir araya gətirdiyini qeyd edib:
“Məqsəd ölkəmizi təhlükəsiz və sağlam etmək, bərpa və davamlı inkişaf üçün şərait yaratmaqdır. Azərbaycan üçün bu, mücərrəd bir məsələ yox, vətəndaşlarımızın həyatına və işğaldan azad edilmiş ərazilərimizin gələcəyinə birbaşa təsir edən böyük bir humanitar çağırışdır. 2022-dən bəri Azərbaycanda minatəmizləmə ilə bağlı bir çox beynəlxalq konfrans və tədbirlər baş tutub. İsmarıcımız çox açıqdır: mina problemi lokal deyil, qlobaldır. Azərbaycan öz təcrübəsini bölüşməyə daim hazırdır, həmçinin əməkdaşlıqlara da açıqdır. Çünki bu problem birliklə daha tez həll oluna bilər. Ona görə də ölkələr arasında əməkdaşlıq mütləqdir”.
S.Şərifovun sözlərinə görə, minalar təkcə müharibə zamanı deyil, müharibə bitəndən sonra da itkilərə səbəb olur:
“Hələ də vəziyyəti çətinləşdirən bir çox nüanslar var. Ermənistan tərəfindən mina xəritələrinin tam təqdim olunmaması ən başlıca problemlərdən biridir. Bu, təmizləmə əməliyyatlarını ləngitməkdə və keçmiş məcburi köçkünlərin təhlükəsiz qayıdışını gecikdirməkdə davam edir. Buna baxmayaraq, minatəmizləmə işləri sürətlə davam edir. Kömək edən donor ölkələrə də xüsusi təşəkkür düşür”.