inf

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) rəqəmsal iqtisadiyyatın inkişafı və sosial media platformaları üzərindən gəlir əldə edən şəxslərin (blogerlərin və influenserlərin) fəaliyyətinin hüquqi çərçivədə tanınması, eləcə də uçotun şəffaflaşdırılması istiqamətində rəqəmsal vergi inzibatçılığını bir qədər də təkmilləşdirib.

Qurumdan Globalinfo.az-a verilən məlumata görə, son illərdə sosial şəbəkələr və digər rəqəmsal platformalar üzərindən reklam, marketinq, məhsul və xidmətlərin təşviqi, məzmun istehsalı, canlı yayımlar, eləcə də müxtəlif əməkdaşlıq layihələri vasitəsilə gəlir əldə edən şəxslərin sayı əhəmiyyətli dərəcədə artıb.

Bildirilib ki, bununla yanaşı, iqtisadi fəaliyyət növlərinin mövcud təsnifatında bu sahənin ayrıca əks olunmaması həmin şəxslərin fəaliyyətinin uçota alınmasını və statistik qiymətləndirilməsini çətinləşdirib.

Bu ehtiyacı nəzərə alaraq, uçot məlumat bazasında fəaliyyət növləri üzrə təsnifata “Rəqəmsal platforma təsirçisi” (kod 6312003) adlı yeni fəaliyyət növü əlavə edilib. Dəyişiklik sosial media və digər rəqəmsal platformalar vasitəsilə gəlir əldə edən şəxslərin (blogerlərin və infulenserlərin) fəaliyyətinin daha dəqiq və şəffaf rəsmiləşdirilməsinə, onların iqtisadi fəaliyyətinin ayrıca uçota alınmasına və statistik məlumatların daha dolğun formalaşdırılmasına imkan yaradır.

Dövlət Vergi Xidməti bu sahədə fəaliyyət göstərən vergi ödəyicilərinə fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun şəkildə rəsmiləşdirməyi və qeydiyyat zamanı yeni fəaliyyət kodunu seçməyi tövsiyə edir.

Paylaş: