IMG 5053

Sentyabrın başlaması ilə Bakıda kirayə mənzil bazarında hərəkətlilik də artır. Yay aylarında nisbətən sakit olan bazarda payızın gəlişi ilə mənzil axtaranların sayının çoxalması tələb-təklif balansına təsir göstərə bilər. Bu isə ev sahiblərinin qiymətləri yenidən nəzərdən keçirməsi və bəzi ərazilərdə kirayə haqlarının yüksəlməsi ehtimalını gündəmə gətirir.

Bəs artan tələb qarşıdakı aylarda kirayə qiymətlərini nə qədər dəyişə bilər?

Globalinfo.az-a danışan Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib ki, tələbələrin Bakıya gəlməsi kirayə mənzil bazarında tələbin artmasına səbəb olur:

“Tələbin artması isə nəticə etibarilə qiymətlərin yüksəlməsinə təsir göstərir. Hazırda konkret olaraq şəhərin bütün ərazilərində qiymətlərin nə qədər artdığını dəqiq söyləmək mümkün olmasa da, hesab edirəm ki, xüsusilə ucuz mənzillərin qiymətində daha kəskin artımlar müşahidə olunur. Sentyabr ayının sonuna doğru bu barədə daha dəqiq informasiya vermək mümkün olacaq. Amma bütün hallarda qeyd edim ki, mənim mülahizəmə görə, sentyabr ayının sonunda avqust ayının sonundakı qiymətlərlə müqayisədə təxminən 10 faizə yaxın qiymət artımı qeydə alınacaq”.

ramil

Ramil Osmanlı

R.Osmanlının sözlərinə görə, ciddi və əhəmiyyətli qiymət artımı gözlənilməsə də, ilin müxtəlif dövrlərində bazara təsir edən müəyyən amillər nəticəsində qiymət artımının baş verməsi təbiidir:

“Xüsusilə nəzərə alsaq ki, Şəhərsalma Proqramının icrası demək olar ki, hər gün davam edir və bu istiqamətdə yeni qərarlar qəbul olunur. Bu baxımdan düşünürəm ki, müəyyən ərazilərdən köçürülmə ilə bağlı qərarların qəbul edilməsi nəticəsində bazara yeni kirayə tələbi formalaşdıran qruplar daxil olur. Bu da öz növbəsində kirayə mənzillərin qiymətlərinin artmasına təsir göstərir”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: