Londonda qlobal iqlim dəyişikliyi ilə bağlı vacib müzakirə – FOTOLAR

Mayın 28-də Birləşmiş Krallığın ən nüfuzlu ali təhsil ocaqlarından biri olan London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində (LSE) “Azərbaycan COP29: Yaşıl Gələcək üzrə Strategiyalar” mövzusunda tədbir keçirilib.

Globalinfo.az bildirir ki, tədbir LSE Azərbaycan Cəmiyyətinin təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər Fondu, Azərbaycan Tələbə və Məzunlar Platforması (ASAP) və Azərbaycan Respublikasının Birləşmiş Krallıqdakı Səfirliyinin dəstəyilə keçirilib.

Tədbirin açılış hissəsində LSE Azərbaycan Cəmiyyətinin üzvləri Zeytunə Sultanzadə, Aysu Əliyeva, Tural Qurbanlı və Bəxtiyar Salmanov çıxış edib. Çıxışlar zamanı qlobal iqlim dəyişikliyi, COP29 konfransının əhəmiyyəti, Azərbaycanın bu mötəbər tədbirə ev sahibliyi etməsilə bağlı ümumi məlumat verilib.

Daha sonra COP29 Gənc İqlim Çempionu və Qoşulmama Hərakatının Gənclər Təşkilatının sədri Leyla Həsənova və ASAP-ın icraçı direktoru Sevda Mansurova tərəfindən tədbir iştirakçılarına ünvanlanmış video müraciət nümayiş etdirilib. Video müraciətdə iqlim dəyişikliyi ilə mübarizədə gənclərin və QHT-lərin rolu barədə məlumat verilib.

Tədbirin panel müzakirəsində LSE Dövlət İdarəetməsi Fakültəsinin proqram direktoru Dr. Lloyd Gruberin moderatorluğu ilə Azərbaycanın Birləşmiş Krallıqdakı səfiri Elin Süleymanov və öncəki illərdə ADA Universitetində professor çalışmış və hazırda Coventry Universitetinin professoru Dr. Çağatay Pişkin çıxış edib.

Səfir çıxışında 28 May – Müstəqillik Günü münasibətilə tədbirdə iştirak edən Azərbaycan icmasının üzvlərini təbrik edib. Müstəqillik gününü Azərbaycanın gənc nəslinin parlaq nümayəndələri ilə birlikdə keçirməkdən böyük məmnunluq duyduğunu qeyd edib. Səfir vurğulayıb ki, gənclərin təhsilinə və inkişafına investisiya yatırmaq, bununla neft kapitalını insan kapitalına çevirmək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin prioritetlərindəndir. Səfir həmçinin qeyd edib ki, ölkəmizin müstəqilliyini gücləndirilmək, dayanıqlı inkişafını təmin etmək və Vətənimizin gözəl təbiətini qorumaq gənclərimizin mühüm vəzifələrindəndir.

Səfir çıxışında COP29-un Azərbaycanda keçirilməsinin tarixi hadisə olduğunu qeyd edib. Azərbaycanda yaşıl enerjiyə keçidlə bağlı görülən işlərlə barəsində məlumat verib, bu xüsusda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını, habelə Naxçıvan Muxtar Respublikasını yaşıl enerji zonasına çevirməyin planlaşdırıldığını vurğulayıb.

COP sessiyalarına sədr ölkələr arasında əməkdaşlığı, eləcə də iqlim fəaliyyətində davamlılığı təmin etmək məqsədilə COP28-ə ev sahibliyi etmiş Birləşmiş Ərəb Əmirliyi və COP30-a ev sahibliyi edəcək Braziliya ilə birlikdə COP sədrləri üçlüyünün təsis edildiyini bildirib. Xüsusilə COP29 çərçivəsində Azərbaycanın iqlim dəyişikliyinin təsirlərinə daha həssas olan inkişaf etməkdə olan kiçik ada dövlətlərinə dəstək verilməsinin prioritet təşkil etdiyini vurğulayıb.

Yaşıl enerjiyə keçidlə bağlı Azərbaycan və Birləşmiş Krallıq arasında əməkdaşlıqdan söhbət açıb, BP şirkətinin ölkəmizdə bərpa olunan enerji sektoruna investisiya yatırdığını diqqətə çatdırıb.

COP29-un Azərbaycanda keçirilməsi prosesinin Ermənistanla Azərbaycan arasında sülh gündəliyinin tərkibi olaraq ərsəyə gəldiyini vurğulayıb. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasının regiona sabitlik və inkişaf gətirəcəyini, eyni zamanda ətraf mühitin qorunmasında mühüm rol oynayacağını qeyd edib.

Daha sonra çıxış edən Dr. Çağatay Pişkin iqlim dəyişikliyi ilə mübarizədə maliyyə məsələsinə dair fikirlərini bölüşüb, bu xüsusda maliyyə institutları və donor ölkələrin zəif inkişaf etmiş ölkələrə maliyyə yardımlarını artırmasının vacibliyinə diqqət çəkib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.