
“Siyasət dinamik prosesdir. Dünən mümkünsüz görünən bu gün reallıq ola bilir. Laçının MDB-nin 2025-ci ildə mədəniyyət paytaxtı seçilməsi də çoxunu təəccübləndirdi. Ancaq müasir siyasətin daxili məntiqindən baxanda bu hadisənin arxasında ciddi siyasətçi zəhmətinin, fədakarlığının və məqsədyönlülüyünün dayandığını görürük”.
Bu sözləri Globalinfo.az-a politoloq Füzuli Qurbanov deyib.
Onun sözlərinə görə, Laçının Azərbaycanın sərhəd şəhəri kimi MDB üçün mədəniyyət paytaxtı seçilməsinin əhəmiyyətli tərəflərindən biri onun regional geosiyasi konfiqurasiya ilə bağlı olmasıdır:
“Çünki MDB uzun müddət Azərbaycanla bağlı arzuolunan mövqe nümayiş etdirməyib. Təşkilat Azərbayana soyuq yanaşsa da, Bakı üz çevirməyib. Bu təşkilatın siyasi və geosiyasi “soyuqluğu”nun əlamətlərindən biri Azərbaycana təcavüzünə görə Ermənistana qarşı təsirli və real bir addım atmamasıdır. Halbuki MDB-nin buna imkanı vardı.
Digər tərəfdən, Azərbaycan Türk Dövlətləri Təşkilatının (TDT) fəal üzvü kimi MDB məsələsini də arxa plana atmadı. Bunu indiki vəziyyət sübut edir. Çünki Bakı TDT ilə yanaşı, MDB-nin də inkişafına konkret xidmət edə biləcək fəaliyyət göstərir. Son Moskva sammitində Prezident İlham Əliyev bununla bağlı maraqlı tezislər irəli sürdü. Həmin sammitin əsas hadisəsi isə Laçının gələn il MDB-nin mədəniyyət paytaxtı seçilməsi ilə əlaqəlidir. Burada regional geosiyasi konfiqurasiyanın transformasiya ilə, Azərbaycan dövlətçiliynin perspektivləri kimi məsələlər ön plana çıxır”.
Ekspert deyib ki, Laçın sərhəd şəhəri kimi tarixi funksiyanı yerinə yetirir:
“Bununla MDB sözügedən şəhərin Azərbaycana məxsusluğunu rəsmi olaraq qəbul etmiş oldu. MDB-nin bu qərarı avtomatik olaraq TDT-MDB münasibətlərinə yeni təkan verir. Mümkündür k, bu iki təşkilat Cənubi Qafqazda geosiyasi mənzərənin formalaşmasında səmərəli əməkdaşlıq etsinlər.
Maraqlı mənzərə alınır: MDB və TDT-ni çox maraqlar birləşdirir. O cümlədən, Avrasiya məkanında onlar yaxın müttəfiq təşkilatlar ola bilərlər. Laçının mədəniyyət paytaxtı seçilməsi bu baxımdan müsbət hadisələrdən biridir. Bununla yanaşı, başqa bir yanaşma prizmasında Laçın məsələsi əhəmiyyət daşıyır”.
F.Qurbanov qeyd edib ki, Azərbaycan Prezdenti İlham Əliyev Böyük Qayıdışla bağlı tez-tez mühüm fikirlər səsləndirir:
“Məsələ həm də qərbi azərbaycanlıların öz yerlərindən deportasiya olunmalarını Qərbin siyasi-diplomatik dairələrinin qəbul etməməsi fonunda, onların Ermənistanı yenidən Azərbaycana qarşı qaldırmaq cəhdlərindən gedir. Onlar insan haqları, humantiralıq, xalqların sərbəst hərəkəti kimi ümumi məsələləri Azərbaycanı ittiham kontekstində qabardırlar. Deməli, faktiki olaraq Azərbaycan Respublikası dövlətinin ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi faktı ilə reallıqda barışmaq istəmirlər.
Bunun fonunda Azərbaycanın öz tarixi torpaqlarından deportasiya olunmuş, xeyli hisəsinin terrorla məhv edilmiş insanların haq və hüquqlarını beynəlxalq səviyyədə gündəmə gətirməsi tamamilə təbiidir. Məlumdur ki, Avropanın hətta böyük dövlətlərinin rəsmiləri belə qərbi azərbaycanlıların öz evlərindən deportasiya edildiklərini, terrora məruz qaldıqlarını dillərinə gətirmək belə istəmirlər. Almaniyanın xarici işlər nazirinin bu bağlılıqda davranışlarını unutmamışıq.
Bütün bunlar onu göstərir ki, Laçının Azərbaycanın sərhəd şəhəri kimi paytaxt seçilməsi ən azı iki aspektdə ciddi geosiyasi əhəmiyyət kəsb edir.
Birincisi, Laçını MDB məhz Azərbaycanın sərhəd şəhəri kimi qəbul edərək, onun mədəniyyət və humanitarlıq rəmzi olduğunu qəbullanmış olur.
İkincisi, Laçının Azərbaycanın sərhəd şəhəri kimi MDB üçün əhəmiyyətinin artması eyni zamanda, Qərbi Azərbaycan məsələsini təşkilat səviyyəsində gündəmə gətirməyə əsas verir. Həmin təşkilat TDT ilə yanaşı MDB də ola bilər. Bu, tarixi uğur və geosiyasi nailiyyətdir”.
Turan Rzayev
Globalinfo.az