Azərbaycanda boşanmaların sayı ilə yanaşı, boşanan şəxslərin yaş strukturu da dəyişir. Son beş ilin göstəriciləri xüsusilə orta və yuxarı yaş qruplarında boşanmaların artdığını göstərir.
Globalinfo.az xəbər verir ki, Modern.az-ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən təqdim edilən məlumatlara görə, 2021-ci ildə ölkədə 17 191 boşanma qeydə alınıbsa, 2025-ci ildə bu göstərici 20 675 olub. Beləliklə, beş il ərzində boşanmaların sayı 3 484 və ya təxminən 20,3 faiz artıb.
60 yaşdan sonra boşanan kişilərin sayı 838-ə çatıb
Ən diqqətçəkən dəyişikliklərdən biri 60 və daha yuxarı yaşda olan şəxslərlə bağlıdır. 2021-ci ildə 60 və daha yuxarı yaşda 563 kişi boşanmışdısa, 2022-ci ildə onların sayı 528, 2023-cü ildə 693, 2024-cü ildə 761 olub. 2025-ci ildə isə göstərici 838 nəfərə çatıb. Başqa sözlə, 2021-ci illə müqayisədə 60 və daha yuxarı yaşda boşanan kişilərin sayı 275 nəfər və ya 48,8 faiz artıb.
Qadınlarda da oxşar dinamika müşahidə olunur. 60 və daha yuxarı yaşda boşanan qadınların sayı 2021-ci ildə 293, 2022-ci ildə 274, 2023-cü ildə 366, 2024-cü ildə 405, 2025-ci ildə isə 431 nəfər olub.
Bu isə beş il ərzində 138 nəfər və ya 47,1 faiz artım deməkdir.
Maraqlıdır ki, 2021-ci ildə 60 yaş və yuxarı şəxslər boşanan kişilərin təxminən 3,3 faizini təşkil edirdisə, 2025-ci ildə onların payı 4,1 faizə yüksəlib. Qadınlarda isə müvafiq göstərici 1,7 faizdən 2,1 faizə çatıb.
55-59 yaşlı kişilər arasında da artım var
Yaşlı nəslə yaxın digər qruplarda da artım nəzərə çarpır. 55-59 yaşlı kişilər arasında boşananların sayı 2021-ci ildə 578 nəfər olduğu halda, 2025-ci ildə 755 nəfərə yüksəlib. Eyni yaş qrupunda qadınların sayı 377-dən 443 nəfərə çatıb. 50-54 yaşlı kişilər arasında isə göstərici 2021-ci ildə 954 nəfər, 2022-ci ildə 815, 2023-cü ildə 1 111, 2024-cü ildə 1 216, 2025-ci ildə 1 120 nəfər olub. 50-54 yaşlı qadınlarda müvafiq göstəricilər 621, 560, 699, 745 və 712 nəfər təşkil edib.
45-49 yaşlılar arasında ciddi yüksəliş
Statistikada diqqət çəkən başqa bir qrup 45-49 yaşlılardır. 2021-ci ildə bu yaşda 1 407 kişi boşanıb. 2025-ci ildə onların sayı 2 035 nəfərə yüksəlib. Beş il ərzində artım 628 nəfər olub. Qadınlarda isə 45-49 yaş qrupunda boşananların sayı 2021-ci ildə 879 nəfərdən 2025-ci ildə 1 245 nəfərə çatıb. 40-44 yaşlı kişilərdə də göstərici 2 371-dən 3 496 nəfərə, qadınlarda isə 1 520-dən 2 239 nəfərə yüksəlib.
35-39 yaşlı qadınlarda təxminən 50 faizlik artım
Qadınlar üzrə ən nəzərəçarpan dəyişikliklərdən biri 35-39 yaş qrupundadır. 2021-ci ildə bu yaşda 2 666 qadın boşandığı halda, 2025-ci ildə göstərici 3 992 nəfərə çatıb. Bu, 1 326 nəfər və ya təxminən 49,7 faiz artım deməkdir. Eyni yaşda kişilər arasında boşananların sayı 2021-ci ildə 3 711 nəfərdən 2025-ci ildə 4 844 nəfərə yüksəlib.2025-ci ildə kişilər arasında ən çox boşanma məhz 35-39 yaş qrupunda – 4 844 nəfər qeydə alınıb.Qadınlarda isə ən yüksək göstərici 30-34 yaş qrupunda – 5 072 nəfər olub.
25-29 yaşlılarda əksinə, azalma var
Ümumi boşanma sayı artsa da, bütün yaş qruplarında eyni tendensiya müşahidə edilmir. 25-29 yaşlı kişilər arasında boşananların sayı 2021-ci ildə 2 684 nəfər olub. 2022-ci ildə göstərici 2 363, 2023-cü ildə 2 746, 2024-cü ildə 2 513, 2025-ci ildə isə 2 329 nəfər təşkil edib. Beləliklə, 2021-ci illə müqayisədə bu yaş qrupunda boşanan kişilərin sayı 355 nəfər azalıb.25-29 yaşlı qadınlarda azalma daha böyükdür. 2021-ci ildə bu yaş qrupunda 4 255 qadın boşanmışdısa, 2025-ci ildə onların sayı 3 942 nəfərə düşüb.
Gənc qadınlarla kişilər arasında böyük fərq
Statistikada maraqlı məqamlardan biri də 18-24 yaş qrupunda qadın və kişilər arasındakı fərqdir.2025-ci ildə 18-24 yaşında boşanan 449 kişi qeydə alınıb. Eyni yaş qrupunda boşanan qadınların sayı isə 2 579 nəfər olub.Əvvəlki illərdə də fərq böyük olub. 2021-ci ildə 18-24 yaşlı boşanan kişilərin sayı 423 olduğu halda, qadınların sayı 2 382 nəfər təşkil edib.18 yaşadək boşanan kişilər üzrə 2021-2025-ci illərdə göstərici qeydə alınmayıb. Qadınlar arasında isə 2021-ci ildə 5, 2022-ci ildə 3, 2023-cü ildə 2, 2024-cü ildə göstərici qeydə alınmayıb, 2025-ci ildə isə 1 nəfər göstərilib.