Azərbaycanda təhsil sahəsində fəaliyyət göstərən “Təhsil TV” internet televiziya platforması yeni rəsmi saytı üzərindən yayıma başlayır.
Globalinfo.az xəbər verir ki, tehsil.tv platformasında təhsil sahəsinə aid xəbərlər, video materiallar, verilişlər, qısa videolar və canlı yayımlar vahid sistemdə təqdim ediləcək.
Platformanın əsas məqsədi təhsil mühitinin zənginləşdirilməsi, şagird, tələbə, valideyn və müəllimlərin keyfiyyətli tədris resurslarına əlçatanlığının artırılması, həmçinin təhsil sahəsindəki yeniliklərin operativ şəkildə ictimaiyyətə çatdırılmasıdır.
İstifadəçilər kompüter, planşet, smartfon və “Smart TV” vasitəsilə platformaya daxil olaraq xəbərləri oxuya, videomateriallara baxa və canlı yayımları izləyə biləcəklər.
“YouTube” inteqrasiyası vasitəsilə təhsil tədbirləri, müsahibələr, müzakirələr, konfranslar və xüsusi proqramların real vaxt rejimində yayımlanması da nəzərdə tutulub.
Saytda məzmun 6 əsas bölmə üzrə strukturlaşdırılıb: “Xəbərlər”, “Press-relizlər”, “Shorts”, “Verilişlər”, “Kəşf et” və “Canlı yayım”.
“Təhsil TV” sosial şəbəkələrdə də geniş auditoriyaya malikdir. Məlumata görə, platformanın “Facebook” səhifəsini 100 min, “Instagram” hesabını 58 min, “YouTube” kanalını 42 min, “TikTok” hesabını 40 min, “LinkedIn” hesabını isə 13 mindən çox istifadəçi izləyir.
Bundan başqa, “WhatsApp” və “Telegram” kanallarının hər birində 3 mindən çox istifadəçi var.
Bildirilib ki, “Təhsil TV”nin sosial şəbəkələrdə paylaşdığı təhsil məzmunları hər ay milyonlarla baxış toplayır.