Rusiya Qarabağdakı taktikasını aktivləşdirdi – “Putinin həzz aldığı PLAN…”

Ötən gün Rusiyada bir sıra hava limanlarının fəaliyyətinin məhdudlaşdırılması, analoji təhlükəsizlik tədbirlərinin Kiyevdə də görülməsi Ukrayna savaşının artıq “aviareys fazası”na daxil olması haqda fikir yaradıb. Bir qədər əvvəl Rusiyanın Böyük Britaniyanın müdafiə naziri Qrant Şappsın təyyarəsindəki GPS siqnalını bloklaması haqda yayılan iddialar da bu versiyanı gücləndirir.

Xatırladaq ki, bənzər təxribatlar 2023-ci ilin sentyabrında keçirilmiş antiterror əməliyyatlarından öncə Qarabağda da müşahidə edilirdi. Belə ki, separatçıların, həmçinin sülhməramlıların Qarabağdan keçən təyyarələrin GPS sisteminə müdaxilə etdiyi iddiaları dolaşırdı.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, belə xəbərlər təbliğat xarakteri daşıya, informasiya müharibəsinin tərkib hissəsi ola bilər:

“Xəbər hələ onun fakt olması demək deyil. Digər tərəfdən, iki nümunə arasında fərq var. Fikrimcə, Qarabağda bu məsələ daha asan ola bilərdi və Rusiya sülhməramlılarla bağlı məsələdə birbaşa maraqlı olduğuna görə bu versiya ağlabatandır. Amma Britaniya müdafiə nazirinin təyyarəsinin GPS sistemini Rusiya niyə bloklasın? Bu sual barədə düşünmək lazımdır. Bu, artıq Rusiyanın NATO-ya “daş atması” deməkdir.

Bütün hallarda Rusiyanın belə imkanlarının olduğunu istisna etmirəm. Rusiya hərbi sənayə sistemi hər nə qədər Sovetin qalığı olsa da, bu ölkənin xarici siyasəti, o cümlədən ambisiyaları mövcud hərbi sənaye sisteminin inkişafını zəruri edir. Üstəgəl, dövlət başçısı Vladimir Putinin keçmiş kəşfiyyatçı olduğunu unutmayaq. O belə məsələlərdən, bəlkə də, həzz alır”.

Safura Bənnayeva
Globalinfo.az