
Avropa Ukraynaya qoşunlarını göndərmək planı üzərində məxfi şəkildə işləyir.
Globalinfo.az xəbər verir ki, məlumatı “Assoşeyted Press” agentliyi yayıb. Məlumata görə, bu işdə xüsusi aktivliyi Britaniya və Fransa nümayiş etdirir. Bununla belə onların öz planlarını açıqlayıb Putinə üstünlük vermək istəmədikləri bildirilib:
“Avropalılar bir il əvvəldən Ukraynaya yerləşdirmək üçün hansı qüvvələrin lazım ola biləcəyini öyrənməyə başlayıb. Bu addım Trampın onlara qarşı gedə biləcəyi qorxusu fonunda atılıb. Trampın seçilməsindən sonra avropalı liderlər və nazirlər Zelenski ilə NATO baş katibi Mark Rüttenin Brüsseldəki iqamətgahında toplanıblar. Danışıqlar Fransa prezidentinin 2024-cü ilin əvvəlində irəli sürdüyü ideyaya əsaslanıb”.
Bununla belə Ukraynaya göndəriləcək qüvvələrlə bağlı məsələ hələ də tam qətiləşməyib. Lakin bəzi ekspertlər Avropanın Ukraynaya sülhməramlı yox, real qüvvə göndərməsi gərəkdiyi qənaətindədirlər.
“Bu real qüvvə olmalıdır ki, ruslar nə vaxtsa hərəkətə keçəndə bunu başa düşsünlər. Əgər onlar yenidən gəlsələr bir qrup mavi kaskalını sadəcə məhv edəcəklər” – deyə ABŞ-ın Avropadakı qoşunlarının keçmiş rəhbəri Ben Xoces deyib.
Zelenski isə ölkəsinə minimum 150 min nəfərlik qüvvənin gərək olduğunu bildirib. Amma Avropalılar hələlik Ukraynaya cəmi 30-40 min nəfərlik kontingent göndərmək niyyətindədirlər. Bununla belə avropalılar daha böyük qüvvəni yığmağın böyük problem olacağı fikrindədirlər.
Bunu “Financial Times”a Fransa Prezidenti Emmanuel Makron da dolayı olaraq təsdiqləyib.
Əliyar Xəlil
Globalinfo.az