“Kişi müəllimlərin az olmasının əsas səbəbi budur” – Təhsil eksperti

Məktəblərimizdə kişi müəllimlərin az olmasının bir neçə səbəbi var. Əsas səbəb isə əməkhaqqının az olmasıdır. Orta ümumtəhsil məktəbində çalışan müəllimin orta maaşı 280-380 manat arasında dəyişir.

Bu sözləri Globalinfo.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov məktəblərdə kişi müəllimlərin yetərincə olmamasından danışarkən deyib.

Ekspert müəllimlərə güzəşt olunmasını təklif edib:

“Hesab edirəm ki, gələcək genefondumuzun qorunması üçün biz mütləq kişi müəllimlərin işə qəbulundan tutmuş, iş imkanlarına qədər güzəşt etməliyik. Yəni işə qəbul prosesində kişi müəllimlərə üstünlük verilməli, eyni zamanda, onların məktəbə cəlb edilməsi üçün ciddi güzəştlər olunmalıdır. Müəllimləri nəqliyyat və kommunal xərclərdən azad etməliyik ki, aldıqları məvacib onlara çatsın”.

K.Əsədov ölkəmizdə bütün fəaliyyət sahələrində çalışanların stabil əməkhaqqı olduğunu bildirib:

“Polis, həkim, hərbçi, deputat – hamısının stabil maaşı var. Amma müəllimlərin aldığı pul dərs saatlarına görə verilir. Biz mütləq vahid əməkhaqqı tətbiq etməliyik. Dediyim kimi, kişi müəllimlərə güzəşt etsək, onların yenidən təhsil müəssisələrinə cəlb olunması mümkündür. Təəssüf ki, hazırkı statistik göstəricilər ürəkaçan deyil.

4434 məktəbdə çalışan 150 min müəllimin 80 faizini xanımlar, 20 faizini bəylər, ibtidai siniflər üzrə isə 99 faizini qadınlar, 1 faizini kişilər təşkil edir. Bunlar şagirdlərimizin şəxsiyyət kimi formalaşmasına öz mənfi təsirini göstərir”.

Zaira Akifqızı,
Globalinfo.az