Amerika Birləşmiş Ştatlarında (ABŞ) ötən həftə keçirilmiş prezident seçkiləri ətrafında hələ də müzakirələr aparılır. İddia edilir ki, seçki zamanı prezidentliyə namizəd Kamal Harrisin xeyrinə saxtakarlıq edilib. Bu iddianın müəllifləri deyirlər ki, Kamala Harris şəxsiyyət vəsiqəsinin təqdim edilməsi zərurətinin olmadığı ştatlarda qalib gəlib. Guya o, qalib gəldiyi deyilən ştatlarda əslində qalib gəlməyibmiş.
Bu fikirlər nə qədər realdır?
Globalinfo.az-a danışan politoloq Natiq Miri deyib ki, ABŞ-da seçki saxtakarlığı ilə bağlı səsləndirilən fikirlər sadəcə iddiadır:
Natiq Miri
“Hüquqi faktlar ortada olmadıqca bu iddianı əsaslandırılmış və doğru saymaq həqiqətə sığmır. Seçki saxtakarlığı məsələsi insan amili ilə bağlıdır. ABŞ-da seçkilər nə qədər demokratik adlandırılsa da heç bir zaman xalq birbaşa prezidenti seçməyib. Bu, konstitusiyada qeyd olunmuş bir məsələdir. Xalq səs verir, seçiciləri seçir. 270-ə yaxın seçici bilavasitə prezidenti təyin edir. Seçicilərin davranışı, mövqeləri zaman-zaman xalqın istəyi ilə deyil, bilavasitə qlobal maliyyə şəbəkələrinin, iqtisadiyyat inhisarçılarının, böyük bankirlərin və s. maraqlarını ifadə edir”.
Politoloqun sözlərinə görə, şəxsiyyət vəsiqəsinin təqdim olunub-olunmaması məsələsi qlobal səviyyədə çox kiçik görünür:
“Burada daha çox qlobal maliyyə şəbəkələrinin maraqları əsas tutulur. Ona görə də həmin şəxslər istədikləri zaman dövlətin strateji istiqamətini dəyişmək üçün müəyyən şəxsləri hakimiyyətə gətirirlər. Artıq Demokratların nə qədər yanlış siyasət ortaya qoyduğu ABŞ-a məlum olduğu üçün Bayden və administrasiyasından narazılıq çoxalmışdı. Yoxsa Tramp daha yaxşı olduğu üçün prezident seçilmədi”.
Safura Bənnayeva
Globalinfo.az