1753792346 1659598920 162937002498059646 1000x669

“Dövlət İmtahan Mərkəzinə (DİM) yeni sədr təyin olunacaq. Hesab edirəm ki, bu dəyişiklik jurnalistikaya qəbul zamanı keçirilən qabiliyyət imtahanına da yenidən baxılması üçün bir fürsət ola bilər. Hətta düşünürəm ki, bu imtahanda dəyişikliklər edilməlidir”.

Bunu Globalinfo.az-a Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakultəsinin müəllimi Kənan Novruzov deyib.

O bildirib ki, indiyədək jurnalist olmaq istəyən namizədlərdən yazı imtahanı tələb olunub:

“Onlara əsasən, esse yazmaq tapşırılıb. Məncə, bu, işlək və doğru yanaşma deyil. Jurnalistdən esse yazmaq deyil, ilk növbədə, ictimai əhəmiyyət daşıyan məsələlərə reaksiya vermək, faktlarla işləmək və faktoloji məharətini nümayiş etdirmək tələb olunmalıdır. Namizəddən esse yazmağı tələb etməklə biz onu faktlardan daha çox təxəyyül üzərində işləməyə istiqamətləndiririk:

Sanki jurnalist olmaq istəyən şəxsə qapının ağzında deyirik ki, faktları bir kənara qoy, gəl, təxəyyülünün məhsulunu ortaya qoy. Halbuki jurnalistikanın təməlində fakt, müşahidə və informasiya dayanır.

İkinci məsələ isə ümumiyyətlə, jurnalistdən yazı qabiliyyətinin tələb olunması ilə bağlıdır. Niyə bu yanaşmaya yenidən baxılmalıdır? Əvvəllər belə bir fikir var idi ki, yaxşı yazı qabiliyyəti olan şəxs yaxşı jurnalist də ola bilər. Amma bu gün vəziyyət dəyişib. Artıq süni intellekt vasitəsilə, demək olar ki, istənilən mövzuda mətn hazırlamaq mümkündür. Deməli, yaxşı yazı yazmaq bacarığı jurnalist üçün əvvəlki qədər həlledici üstünlük deyil.

Bəs bu gün jurnalistdən nə tələb olunmalıdır?

Əvvəla, süni intellektlə işləmək bacarığı. Jurnalist süni intellektə düzgün tapşırıq verməyi, ondan səmərəli istifadə etməyi və əldə etdiyi nəticələri qiymətləndirməyi bacarmalıdır. Yeri gəlmişkən, bu bacarıqlar ali məktəblərdə də daha ciddi şəkildə tədris olunmalıdır”.

K.Novruzovun sözlərinə görə, 11-ci sinif şagirdindən süni intellektlə peşəkar səviyyədə işləməyi tələb etmək çətin ola bilər:

“Ona görə də qabiliyyət imtahanında bunun daha elementar forması yoxlanıla bilər. Ümumiyyətlə, bu imtahan mərhələli şəkildə təşkil olunmalıdır.

Birinci mərhələdə namizədin süni intellektlə işləmək, düzgün sorğular hazırlamaq və əldə etdiyi informasiyanı qiymətləndirmək bacarığı yoxlanıla bilər.

İkinci mərhələdə onun müşahidə qabiliyyəti qiymətləndirilməlidir. Bu şəxs gördüklərini yadda saxlaya bilirmi? Ətrafda baş verənləri müşahidə edə bilirmi? Başqalarının diqqət yetirmədiyi detalları görə bilirmi? Adi bir hadisədən xəbər çıxarmağı, informasiya tapmağı və gündəm yaratmağı bacarırmı?

kenan novruzov
Kənan Novruzov

Məsələn, namizədi müəyyən bir otağa yerləşdirmək və ya DİM-in həyətində müəyyən vaxt keçirməsini tapşırmaq olar. Ona yarım saat ərzində ətrafı müşahidə etmək imkanı verilməlidir. Daha sonra gördükləri, diqqətini çəkən detallar və həmin müşahidələr əsasında hansı informasiyaları əldə edə biləcəyi soruşulmalıdır.

Üçüncü mərhələdə isə namizədin kommunikasiya qabiliyyəti yoxlanılmalıdır.

Potensial jurnalist insanlarla necə ünsiyyət qurur? İnformasiyanı necə əldə edir? Qarşısındakı şəxslə ünsiyyətə girməyi, sual verməyi, etimad qazanmağı bacarırmı? Mümkün informasiya mənbəyi ona niyə inanmalıdır? Namizəd qarşı tərəfin etimadını qazana bilirmi?

Bunlar jurnalist üçün son dərəcə vacib keyfiyyətlərdir. Çünki jurnalistin əsas vəzifələrindən biri informasiyanı əldə etməkdir. Bunun üçün isə o, insanlarla işləməyi, düzgün suallar verməyi, informasiya mənbələri ilə münasibət qurmağı bacarmalıdır”.

K.Novruzov qeyd edib ki, bu bacarığı yoxlamaq üçün namizədlərə konkret tapşırıq vermək olar:

“Məsələn, onlardan üç-beş nəfərlə söhbət aparmaq tələb edilə bilər. Bu şəxslər DİM-in əməkdaşları və ya könüllülər də ola bilər. Namizədə yarım saat vaxt ayrılar və həmin müddətdə qarşı tərəflə ünsiyyət quraraq mümkün qədər çox məlumat əldə etməsi istənilər. Beləliklə, onun kommunikasiya, sualvermə və informasiya toplama bacarığı real şəraitdə qiymətləndirilər.

Yəni demək istədiyim budur: “Bu adam yaxşı yazı yaza bilir, deməli, yaxşı jurnalist də ola bilər” tezisi artıq aktuallığını itirib.

Bu gün yaxşı jurnalist olmaq üçün sadəcə yaxşı yazmaq kifayət deyil. Yaxşı müşahidə aparmaq, insanlarla ünsiyyət qurmaq, informasiya əldə etmək, faktları təhlil etmək və texnologiyalardan, o cümlədən süni intellektdən düzgün istifadə etmək lazımdır.

Jurnalistikaya qəbul imtahanı da məhz bu keyfiyyətləri üzə çıxarmalıdır. Eyni zamanda, gələcəyin jurnalistlərinə peşənin qarşısında dayanan yeni çağırışlar göstərilməli, onlara hansı bacarıqları inkişaf etdirməli olduqları hələ tələbə olmamışdan izah edilməlidir”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: