img 1920x1080uu2026 02 25 07 40 40 759639

ABŞ-ın 48-ci prezidentinin hazırkı vitse-prezident Ceyms Deyvid Vens olacağı deyilir. Vens müammalı açıqlamaları ilə diqqət çəkir. Xüsusən o, Azərbaycanın İranla bağlı məsələdə ABŞ-a dəstək verdiyini iddia etmişdi.

Vens prezident olsa, regionumuzu, ölkəmizi və dünyanı nə gözləyir? O, necə bir siyasətçidir?

Globalinfo.az-a danışan analitik Elnur Ənvəroğlu deyib ki, ABŞ-ın vitse-prezidenti Ceyms Deyvid Vens klassik respublikaçı deyil:

“Çünki o, Prezident Donald Trampın “America First” xəttinin daha populist və intellektual versiyasını təmsil etməsi ilə fərqlənir. Məsələn, onun xarici siyasətinə baxdıqda deyə bilərik ki, Vens ABŞ-ın bitməyən müharibələrə cəlb olunmasına qarşıdır, o, Avropanın öz təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımasını istəyir. Ən əsası isə Vens ABŞ resurslarının Çin və Hind-Sakit okean regionuna yönəldilməsini vacib hesab edir. Eyni zamanda da iqtisadi təhlükəsizliklə milli təhlükəsizliyi bir-birindən ayırmır. Vens üçün müttəfiqlikdə siyasi loyallıq kafi deyil. Onun üçün konkret strateji və iqtisadi nəticələr əsas hesab olunur.

Vensin İran məsələsində mövqeyi son illərdə ciddi şəkildə dəyişib. 2024-cü il kampaniyası zamanı o, İranla müharibənin ABŞ üçün böyük və bahalı səhv olacağını demişdi.  Sonrakı mərhələdə isə İranın nüvə proqramına və regional fəaliyyətinə qarşı daha sərt mövqeyə keçdi. Hazırda isə Vens diplomatiyanı tamamilə rədd etmir, əksinə, İranla razılaşma imkanlarını müdafiə edir. Fikrimcə, o, ideologiyanın müdafiəçisi kimi görünür, amma situasiyaya görə taktikasını dəyişə bilir.

Əlbəttə, Vensin Azərbaycanla bağlı siyasəti də son drəcə maraqlıdır. Həm də onun Bakıya münasibətdə konkret davranışı gələcək proqnoz üçün kifayət qədər ciddi siqnaldır.

10 fevral 2026-cı ildə Vance Azərbaycana səfər edib və İlham Əliyevlə görüşüb. Həmin səfər zamanı ABŞ və Azərbaycan arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb. Azərbaycan tərəfi bunu ABŞ administrasiyasının Azərbaycana “çox müsbət münasibətinin göstəricisi” kimi qiymətləndirib.

Daha da əhəmiyyətlisi, “Reuters”in də məlumatına görə, Vens ABŞ-ın Azərbaycanın ərazi sularının təhlükəsizliyinə yardım etmək üçün gəmilər göndərəcəyini açıqlayıb”.

elnur enveroglu
Elnur Ənvəroğlu

Analitik qeyd edib ki, Vens administrasiyası Azərbaycanı yalnız Cənubi Qafqaz ölkəsi kimi deyil, ABŞ-ın Avrasiya strategiyasının bir hissəsi kimi görə bilər:

“Mən burada İranı da nəzərdə tutmaq istərdim. Azərbaycan bölgədə bəlkə də yeganə ölkədir ki, diplomatik tərəfdaşlıqda hər kəslə necə davranacağını bilir. Ona görə də Azərbaycan regional təhlükəsizlik, enerji, logistika və İranın təsirinin məhdudlaşdırılması baxımından ABŞ üçün etibarlı tərəfdaşdır. Vensin baxışında böyük dövlətlərlə rəqabət əsasdır. Azərbaycan isə Rusiya, İran, Türkiyə, Xəzər və Mərkəzi Asiyanın kəsişməsində yerləşir. Yəni bir sözlə, istər TRIPP layihəsi (Zəngəzur dəhlizi-red.), Orta Dəhliz,  Xəzər üzərindən nəqliyyat, istər Azərbaycan enerji resursları, Mərkəzi Asiyaya çıxış imkanları, istərsə də İranın regional təsirinin məhdudlaşdırılması, bütün bunlar gələcəkdə Vens prezident seçilərsə, tam uyğun və sərfəli olan, eləcə də Azərbaycanı maraqlı edən elementlərdir.

Mən prezidentlərin ABŞ-ın müqəddəratını dəyişə bilən fiqur kimi təsvir etmirəm. ABŞ sistemi fundametal əsaslara söykənir. Prezidentlər sadəcə icraçılardır. Bəlkə də kimlərəsə görə, Vens qismən ABŞ-ın dünyada polis rolundan daha çox, az militar bir dövlət kimi təsəvvür edə bilər. Amma ABŞ-ın mövcud olduğu coğrafi quruluş onun öz prinsiplərinin dəyişməz olduğundan xəbər verir. Yəni Vensin  gəlməsi ilə dünyada maraqlı hadisələr ola bilər, amma nəsə köklü dəyişiklik baş verməyəcək”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: