“2027-ci ildə İşsizlikdən Sığorta Fondunun gəlirlərinin 268,9 milyon manat, xərclərinin isə 319,2 milyon manat olacağı proqnozlaşdırılır”.
Globalinfo.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev deyib.
Nazir bildirib ki, fondun gəlirləri 2026-cı ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 30,6 milyon manat və ya 12,8 faiz çox olacaq.
“Gəlirlərin əsas hissəsi işsizlikdən sığorta haqları hesabına formalaşacaq. Bu istiqamət üzrə daxilolmaların cari ilin təsdiq edilmiş göstəricisindən 30,6 milyon manat və ya 12,9 faiz çox olacağı gözlənilir. Sığorta haqları üzrə yığımın 77,7 faizinin qeyri-büdcə sektorunun payına düşəcəyi proqnozlaşdırılır.
Bundan əlavə, Fondun əvvəlki illərdə istifadə edilməmiş vəsaitindən 50,3 milyon manatın 2027-ci ilin xərclərinə yönəldilməsi nəzərdə tutulur.
Gələn il Fondun xərclərinin 319,2 milyon manat təşkil edəcəyi gözlənilir. Bu, 2026-cı ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 52,8 milyon manat və ya 19,8 faiz çoxdur.
Proqnozlara əsasən, 2027-ci ildə Fondun vəsaiti hesabına 444 min nəfər aktiv məşğulluq tədbirlərinə cəlb olunacaq. Onlardan 173 min nəfərin işlə təmin edilməsi, 14,5 min nəfərin özünüməşğulluq proqramına, 18,5 min nəfərin isə peşə hazırlığına cəlb olunması planlaşdırılır. Daha 230 min nəfərə peşəyönümü məsləhət xidmətlərinin göstərilməsi nəzərdə tutulur.
Eyni zamanda, gələn il 15,6 min nəfərə işsizlikdən sığorta ödənişinin təyin edilməsi proqnozlaşdırılır.
Məşğulluq tədbirlərinin maliyyələşdirilməsinə Fondun ümumi xərclərinin 61 faizinin, yəni 194,2 milyon manatın yönəldilməsi planlaşdırılır. İşsizlikdən sığorta ödənişləri üçün isə 36 milyon manat vəsait nəzərdə tutulub”.
Safura Bənnayeva
Globalinfo.az