2027-ci ilin büdcə proqnozları iqtisadi artım hədəfləri ilə yanaşı, dövlət borcunun idarə olunması və Neft Fondundan büdcəyə transfertin azaldılmasını da gündəmə gətirir. Maliyyə naziri Sahil Babayev gələn il ÜDM-in 141 milyard manata çatacağını, strateji valyuta ehtiyatlarının isə xarici dövlət borcunu təxminən 20 dəfə üstələdiyini bildirib.
Bəs bu proqnozlar ölkə iqtisadiyyatının dayanıqlılığı və əhalinin rifahına necə təsir edəcək?
Globalinfo.az-a danışan iqtisadçı Elçin Rəşidov deyib ki, strateji valyuta ehtiyatlarının artması gələcəkdə maliyyə imkanlarını genişləndirir və ümumilikdə ölkənin maliyyə dayanıqlığını artırır:
“Bu baxımdan ehtiyatların dövlət borcundan dəfələrlə çox olması müsbət haldır. Bununla belə, builki büdcə yenə də kəsirlə qəbul edilib. Düzdür, əvvəlki illərdə də büdcə kəsirlə qəbul olunurdu. Lakin icra prosesində bu kəsir aradan qalxır və ya azalırdı. Bu, son illərdə müşahidə olunan bir tendensiyadır. Belə ki, ötən il neftin qiymətinin büdcədə nəzərdə tutulan 65 dollardan xeyli yüksək olması gəlirlərin artmasına səbəb olmuşdu. Eyni zamanda, xərclərə ciddi qənaət edilmiş, qaz satışından da gözləniləndən artıq gəlir əldə olunmuşdu”.
İqtisadçı hesab edir ki, neft və qaz gəlirləri birbaşa dövlət büdcəsinə daxil edilməməlidir:
“Bu, daha çox mühasibat mürəkkəbliyi yaradır. Bütün neft və qaz gəlirləri Neft Fondunda toplanmalı, büdcəyə isə yalnız fonddan transfer edilməlidir. Bu yanaşma təhlillərin və proqnozların daha rahat aparılması, eləcə də şəffaflığın təmin edilməsi baxımından daha məqsədəuyğundur. Mən bunu Azərbaycanın dövlət maliyyəsinin idarə olunmasında mövcud olan bir qüsur hesab edirəm. Bundan əlavə, dövlət borcu müəyyən qədər arta bilər. Bunun səbəbi xərclərin gəlirlərdən yüksək nəzərdə tutulmasıdır. Büdcədə təxminən 2 milyard manatlıq kəsir var”.
Elçin Rəşidov qeyd edib ki, Dövlət Statistika Komitəsi ÜDM-in hesablanmasında müəyyən xətalara yol verir:
“Nəticədə ölkənin iqtisadi göstəriciləri real vəziyyəti tam əks etdirmir. Təəssüf ki, ÜDM-də durğunluq yaranıb.
Qonşu ölkələrdə və əsas ticarət tərəfdaşlarımızda ÜDM artır, bəzi ölkələrdə isə bu artım kifayət qədər sürətlidir. Qeyri-neft sektorunu nəzərə alsaq, həmin ölkələrin iqtisadiyyatları, o cümlədən istehsal məhsulları üzrə rəqabət qabiliyyəti bizimlə müqayisədə daha da güclənir. Nəticədə Azərbaycan bazarda mövqelərini itirir və rəqabətdən sıxışdırılır. Bu, təbii ki, “Holland sindromu”nun nəticələrindən biridir. Eyni zamanda, iqtisadi idarəetmədə və monetar siyasətdə yol verilən yanlışlıqlar da buna təsir göstərir. Məhz bu yanlışlıqlar nəticəsində qeyri-neft sektoru daralır və rəqabət qabiliyyətini itirir”.
Zaira Akifqızı
Globalinfo.az