“2007-ci ildə çəkilmiş “Die Hard 4” filmində belə bir səhnə var: terrorçular məhv etmək istədikləri şəxsin kompüterinə virus göndərir və qısa müddətdə prosessor qızaraq partlayır. O zaman bu, fantastik görünürdü. Amma iki il sonra İsrail İranın nüvə stansiyasında kompüterlərə “Staxnet” virusu göndərərək partlayışa və stansiyaların fəaliyyətində axsamaya səbəb oldu”.
Bu sözləri Globalinfo.az-a politoloq Kənan Rövşənoğlu Livanda peycerlər vasitəsilə törədilən kiberhücum və partlayışlar barədə danışarkən deyib.
Onun sözlərinə görə, İsrailin əlində daha əvvəldən bu imkan olub:
“Rabitə cihazına partlayıcı yerləşdirmək söhbəti yalandır, güman ki, cihazlara virus göndərilib və kənardan partladılıb.
Bəs niyə indi? Fikrimcə, İsrail bunu ehtiyat variant kimi saxlamışdı və Livana qarşı müharibə zamanı istifadə edəcəkdi.
“Telefon terroru” iki səbəbdən baş verib. Birincisi, İsrailin elektron kəşfiyyat mərkəzinin vurulmasıdır.
Kənan Rövşənoğlu
Daha ciddi səbəb isə Husilərin iki gün əvvəl hipersonik və ya ona bərabər raketlə İsrail ərazisini vurması oldu. Husilərin 2 min kilometr məsafədə ABŞ, Böyük Britaniya, Səudiyyə Ərəbistanı hava hücumlarından müdafiə sistemləri, İsrailin “Dəmir qübbə” kimi yüksək texnologiyalı raketdən müdafiə sistemini yarıb keçməsi ciddi imic problemi yaratdı. Yəni İsrailin toxunulmaz obrazı dağılmaq təhlükəsi qarşısında idi. Buna görə də yüksək texnologiyalı sui-qəsd həyata keçirməklə hələ də çox güclü olduğunu göstərməyə ehtiyac duydu. Halbuki dediyim kimi, bu silah ehtiyat variant kimi saxlanmışdı, Livanla müharibə zamanı istifadə ediləcəkdi. Ancaq Husilər İsraili fakt qarşısında qoyaraq bu əməliyyata sövq etdilər.
Nəticə etibarilə bu hadisə müharibənin daha amansız fazaya keçdiyini göstərir”.
Politoloq Züriyə Qarayeva deyib ki, Livanda Hizbullah üzvlərinin ünsiyyət üçün istifadə etdiyi peycerlərin eyni vaxtda ölkə daxilində partlaması nəticəsində minlərlə insan yaralanıb:
“Partlayışlar nəticəsində azı 9 nəfər ölüb, yüzlərlə insan xəstəxanalara axın edib. Livanın Səhiyyə Nazirliyi azı 2750 nəfərin yaralandığını, onlardan 200-nün vəziyyətinin ağır olduğunu açıqlayıb. Olduqca mürəkkəb görünən hücumun necə baş verdiyi hələ də bəlli deyil, lakin Hizbullah partlayışlarda İsraili günahlandırıb. Məsələ ilə bağlı İsraildən heç bir açıqlama verilməyib.
Partlayışların peycer batareyalarının həddən artıq qızması səbəbindən baş verdiyi ehtimal edilir. Hələlik heç kim partlayışlara görə məsuliyyəti üzərinə götürməyib, lakin Livanın Baş naziri Necip Mikati və Hizbullah İsraili günahlandırıb. Mikati deyib ki, partlayışlar “Livanın suverenliyinin ciddi şəkildə pozulması və bütün standartlara uyğun cinayətdir”. Hizbullah öz bəyanatında bildirib ki, İsrail “həmçinin mülki şəxsləri də hədəf alan bu cinayətkar hücuma görə tam məsuliyyət daşıyır”. İsrail rəsmiləri bu iddiaları şərh etməyiblər, lakin əksər analitiklər hücumun arxasında İsrailin olması ehtimalı ilə razılaşırlar.
Züriyə Qarayeva
Hizbullah ünsiyyət üçün öz üzvlərinin peycerlərinə çox etibar edir. Peycer adlanan rabitə vasitələri səsli mesaj və ya SMS qəbulu funksiyalarına malik ola bilər. 1996-cı ildə HƏMAS-ın bomba mütəxəssisi Yəhya Ayyaşın İsrail tərəfindən öldürülməsi ilə nümayiş etdirildiyi kimi, mobil telefonlar etibarsız hesab edildiyi üçün təşkilat tərəfindən uzun müddət tərk edilib”.
Politoloq “Bu hadisə İsrail-Hizbullah gərginliyini artıracaqmı?” sualına belə cavab verib:
“Hizbullah İsrailin əzəli düşməni olan İranla müttəfiqdir. Qrup Tehranın “müqavimət oxu” adlandırdığı ittifaqın bir hissəsidir və aylardır İsraillə zəif intensivlikdə müharibə aparır. İsrailin şimal sərhədindən tez-tez raketlər atılır. Əhali sərhədin hər iki tərəfindən köçürülüb. Partlayışlar İsrailin ölkənin şimalında yeni müharibə hədəfini müəyyən etməsindən bir neçə saat sonra baş verib. İsrail Hizbullahı sərhəddən uzaqlaşdırmaq və bu bölgəni tərk etmək məcburiyyətində qalan on minlərlə israillinin evlərinə qayıtmasını müharibə məqsədi elan edib. Müşahidəçilər davam edən gərginliyə baxmayaraq, indiyədək hər iki tərəfin genişmiqyaslı müharibəyə girmədən hərbi əməliyyatları nəzarətdə saxlamağı hədəflədiyini deyirlər. Bununla belə, Hizbullah çərşənbə axşamı baş verən partlayışlara görə qisas alacağına söz verdiyi üçün vəziyyətin nəzarətdən çıxa biləcəyi ilə bağlı narahatlıqlar da artıb”.
Turan Rzayev
Globalinfo.az