İlin sonuna kimi sülh sazişi olacaqmı?

“Azərbaycan diplomatiyasının uğurlu addımları bölgədə yeni siyasi reallıqlar yaradıb”.

Bu sözləri Globalinfo.az-a politoloq Züriyə Qarayeva deyib.

Onun sözlərinə görə, bu reallıqlar Ermənistanı sülh prosesindən uzaqlaşmaq üçün imkanları kasadlaşdırıb:

“Hazırda havadar qüvvələrin bütün səylərinə baxmayaraq, Bakı-İrəvan təmas xəttində xeyli yumşalma müşahidə olunur. 7 dekabr tarixində ortaq bəyanatın imzalanması, beynəlxalq tədbirlərdə dəstək etimad quruculuğunun ilkin praktiki təzahürüdür.

Əsas problemlərin böyük qismi razılaşdırılıb. Sülh prosesinə əngəl olan məsələlərdən biri ermənilərin Xankəndiyə qayıtması, Bakının alternativ köçürmə iddiasından sonra sıradan çıxdı. Zəngəzur dəhlizi ilə bağlı da Bakı alternativ versiyanı irəli sürməklə konkret olaraq, sülh müqaviləsinin bizdən çox Ermənistana gərəkdiyini sübut etdi.

İrəvan üçün çəmbər günü-gündən daralır. Bu ölkəyə havadarlıq edənlərin fərqli bölgədə üzə çıxan yarıtmazlıqları Paşinyanı papağını qarşısına qoymağa vadar edib. Odur ki, anklav və kommunikasiyalarda yaxın perspektivdə əldə olunacaq razılıq sülh üçün real zəmini formalaşdırır”.

Turan Rzayev
Globalinfo.az