İsrail Hərbi Hava Qüvvələri Livanın cənubuna aviaəməliyyatın başladıldığını elan edib. İsrail mediası xəbər yayıb ki, üçüncü İsrail-Livan müharibə rəsmi olaraq başlayıb.
Bəs Livanla müharibə İsrailə nə vəd edir? HƏMAS-la savaş bitmədən növbəti müharibəyə başlamaq regiona nə vəd edir?
Globalinfo.az-a danışan politoloq Elşad Həsənov deyib ki, Livan Yaxın Şərqdə yerləşən bir ölkədir:
“Bu ölkə 1943-cü ildə Fransa koloniyasından çıxaraq müstəqillik əldə edib. Bunun ardınca birinci Livan-İsrail müharibəsi başlayıb. Müharibəyə səbəb 1982-ci ilin iyunun 5-dən iyulun 6-dək Livan ərazisindən İsrailin şimalına Fələstin Azadlıq Hərəkatının (FAT) üzvlərinin partizan hücumu olub. Bir aydan sonra bu məsələ beynəlxalq təşkilatların köməyi ilə yatırılıb. İkincisi isə 12 iyul-14 avqust 2006-cı ildə baş verib. Bu müharibəyə də Livanda yerləşmiş “Hizbullah” təşkilatlarının 2 İsrail əsgərlərini qaçırması, 8-ni öldürməsi səbəb olub. Müharibə zamanı da çoxsaylı itkilər verilib. İsrail ordusu Livanı mühasirəyə alaraq şəhərləri darmadağın etmişdi. Nəhayət, BMT Təhlükəsizlik Şurasının 1701 saylı qərarına əsasən tərəflər avqustun 14-də hücumları dayandırıblar. Atəşkəs elan olunub. Bu gün də yenidən İsrail-Livan müharibəsinin başladığına diqqət çəkilir. Müharibəyə səbəb yenə də “Hizbullah” qüvvələridir. Son zamanlar həmin qüvvələr İsraili raket atəşlərinə tuturdu. Artıq İsrailin hərbi hava qüvvələri İsrailin cənubuna aviazərbələr endirməyə başlayıblar”.
Elşad Həsənov
Politoloq üçüncü Livan-İsrail müharibəsinin artıq başladığını bildirib:
“İsrail ordusu Livanda “Hizbullah” mövqelərinə güclü zərbələr endirir. Yüzlərlə raketlər atılır. İsrail kəşfiyyat orqanlarının uzun müddət hazırladığı peycer əməliyyatı gərginliyi yaratdı. Livanda baş verən bu hadisə onlarla insanın ölümünə, minlərlə insanın yaralanmasına səbəb oldu. Birbaşa dövlət terrorudur. İsrail-Fələstin müharibəsi böyüyərək Yaxın Şərqə doğru genişlənməyə başlayıb. Livandan sonrakı hədəf İran ola bilər. HƏMAS lideri İsmayıl Haniyənin həlak olması fonunda İran ciddi cavab verəcəyini bildirsə də ABŞ və İngiltərənin xahişi ilə proses donduruldu. İranın “Hizbullah”a dəstək verməsi də istisna deyil”.
Safura Bənnayeva