Nesimi Pasi 13

Sərhədi keçərək Ermənistanın Zəngəzur bölgəsində yerləşən Şəki kəndində saxlanılan azərbaycanlı hərbçi Nəsimi Musayevin erməni ailəsinin evində baş verənlərlə bağlı öz ifadələri yayılıb. O, dindirilmə zamanı heç kimə zərər vermək niyyətində olmadığını bildirib.

Nəsimi Musayev ev sahibəsindən onu buraxmasını bir neçə dəfə xahiş etdiyini, lakin qadının silahdan möhkəm yapışdığını və buna görə də atəş açmağa məcbur qaldığını vurğulayıb.

Üstəlik, Musayev yazılı ifadəsində hadisədən sonra qadının və ailə üzvlərinin ona hücum etdiyini, bıçaqla zərbələr endirdiyini və onu döydüyünü deyib.

Zərərçəkən Ani Avetisyan isə mediaya açıqlamasında bildirib ki, evə girərkən Musayevin uşaqlarını silahla hədələdiyini görüb. Onun sözlərinə görə, azərbaycanlı hərbçi üç dəfə atəş açmağa cəhd edib.

Birinci dəfə o, atəş aça bilməyib, sonra oğluna atəş açmağa cəhd edib. Ani silahı götürməyə çalışıb və hərbçi atəş açaraq onu yaralayıb. Məhz bu zaman Ani Musayevi bıçaqlayıb. Üçüncü dəfə isə hərbçi qadının ayağına atəş açıb.

Qadın həmçinin bildirib ki, hərbçinin sursatı qurtarıb və o, silahını yenidən doldurmağa çalışıb. Ani Avetisyan qeyd edib ki, müqavimət göstərməsəydi, hərbçi bütün ailəni güllələyə bilərdi.

Bunlar doğrudursa, Nəsimi Musayevi hansı cəza gözləyir? Bu ifadələr doğrudur, yoxsa erməni tərəfi onları saxtalaşdırıb? Azərbaycandan istintaq qrupu Ermənistana gedə bilərmi? Paralel araşdırma aparılması mümkündürmü?

Globalinfo.az-a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri, hüquqşünas Xəyal Bəşirov deyib ki, Nəsimi Musayevin Ermənistan tərəfinə keçməsi və bundan sonra baş verənlərlə bağlı erməni tərəfinin yaydığı məlumatlar tez-tez dəyişir:

“Hesab edirəm ki, biz hər şeydən öncə qarşı tərəfin kim olduğunu, nələr edə biləcəyini bilməliyik. Ermənistan tərəfinin istənilən hadisə barədə saxtalaşdırılmış məlumatlar yaydığını bilirik. Təbii ki, onlar da bizim mövqeyimizi yaxşı bilirlər. Onlar bir əsgərimizə görə nələr edə biləcəyimizin fərqindədirlər.

Təbii ki, bu prosesdə əsgərimizin atdığı addımlar onun psixoloji durumunun normal olmaması və müxtəlif hallar ilə əlaqəli ola bilər.

Xeyal besirov 900x521 2

Xəyal Bəşirov

Erməni tərəfi əsgərin öz xidməti yerini özbaşına tərk etməsi ilə bağlı cinayət işi başlana biləcəyini yaxşı bilir. Azərbaycan əsgəri xidmət yerini tərk edibsə və bu, 3 gündən 10 günədək davam edibsə, fərarilik hesab olunur. Amma 10 gündən çoxdursa, bu zaman daha ciddi tədbirlər görülür. Lakin burada da onun xidmət yerini necə və hansı vəziyyətdə tərk etdiyi araşdırılır.
Məsələn, Nəsiminin vəziyyətində o, 10 gündür ki, yoxdur. Lakin ona fərariliklə bağlı cinayət işi açıla bilməz, çünki o, öz istəyi ilə bu qədər müddət ərzində xidmət yerindən kənarda qalmayıb. Ermənistan tərəfi onu saxlayıb və o, geri qayıda bilmir. Hesab edirəm ki, bu məsələni prokurorluq araşdıracaq”.

X. Bəşirov deyib ki, hər bir halda Ermənistan tərəfinin atdığı addımlar və yaydığı məlumatlar tez-tez dəyişir:

“Biz bilirik ki, Azərbaycan əsgəri özbaşına ərazini dəyişmir, mövqeyindən tərpənmir. Üstəlik, mülki erməniləri əsir almaq və onları öldürmək istəməsi nə Birinci Qarabağ, nə də İkinci Qarabağ müharibəsi zamanı görünməmiş bir hadisədir.

Digər bir məsələ isə Ermənistan tərəfinin açdığı cinayət işləri ilə bağlıdır. O, bir neçə maddə ilə ittiham olunur. Hər bir halda nəzərə almalıyıq ki, həmin ifadələri təzyiq altında vermiş ola bilər. Üstəlik, onun özünə hücum edilibmi, o, özünü müdafiə etməkmi istəyib — bunları bilmək lazımdır.

Ermənistan tərəfi Mübariz İbrahimovun nəşini qaytarmamaq üçün əlindən gələni etdi. Dilqəm Əsgərovun və digər əsirlərin qaytarılması üçün də ölkəmiz çox iş gördü. Eyni məsələ Nəsimi üçün də aktual olacaq. Ən pis ssenari Ermənistan tərəfinin Azərbaycanda həbsdə olan separatçıları istəməsidir. Onların qaytarılması üçün Nəsimi Musayevdən istifadə etmək niyyəti ola bilər”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: