İrəvan yanılır: Bakının qarşısını almaq mümkün olmayacaq – Arutyunov

 

“Ermənistan düzgün siyasi kurs yeritsə, cənub qonşusundan çox şey əldə edə bilər”.

Globalinfo.az xəbər verir ki,  bunu erməni politoloq David Arutyunov deyib.

“Ermənistanın hərbi-siyasi rəhbərliyi ölkə üçün müəyyən təhlükəsizlik risklərinin artdığını hiss edir. Bu riskləri azaltmaq və maraqlar balansını yaratmaq üçün mümkün qədər çox oyunçu cəlb etməyə çalışır. Ermənistan hakimiyyəti ənənəvi dost dövlətlər və potensial tərəfdaşlarla nəzərəçarpacaq yaxınlaşma nümayiş etdirir. Fransa hərbi sahədə nisbətən yeni tərəfdaş hesab edilir. İran və Yunanıstanla isə uzunmüddətli əlaqələr mövcuddur”.

Politoloq hesab edir ki, Papikyanın Tehrana səfəri İranın Ermənistanda Qərbin fəaliyyəti ilə bağlı narahatlığını yumşaltmağa hesablanıb. İran müəyyən silah və hərbi texnikanın istehsalında böyük potensiala malikdir. Bura pilotsuz təyyarələrin yaradılması və raket sənayesinin inkişafı daxildir. Bu baxımdan erməni tərəfi cənub qonşusundan çox şey əldə edə bilər.

David Arutyunov bildirib ki, İranla hərbi sahədə aparılan iş qərbyönlü kursla sistemli şəkildə ziddiyyət təşkil edir. Üstəlik, İrəvanın Rusiya vektorundan təcrid olunması ciddi və strateji səhvdir. Çünki Ermənistanın Rusiya ilə münasibətləri gərginləşdirmədən Qərblə işləmək üçün resursları var.

“Əlbəttə, Rusiyanın verdiyi təhlükəsizlik təminatı bu gün böhran içindədir. Amma yenə də İrəvan bu məsələləri siyasi hay-küy və təbliğat kampaniyası olmadan, qapalı şəraitdə həll edə bilərdi. Ermənistan rəhbərliyi Rusiya ilə münasibətlərin pisləşməsi müqabilində Qərbdən təhlükəsizlik dəstəyi alacağını gözləyir. Amma problem ondadır ki, Qərbin bu zəmanətləri Azərbaycan və Türkiyə tandeminə təsir göstərə biləcək səviyyədə deyil. Bu, o deməkdir ki, Ermənistan üçün tarazlığı saxlamaq siyasətinin alternativi yoxdur”, – Arutyunov vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az