Ermənistandan müharibə bəyanatı – Bakını belə “vurmaq” istəyirlər

Son günlər Ermənistan tərəfindən səsləndirilən bəyanatlarda müharibə və revanş elementləri nəzərə çarpır.

Maraqlıdır ki, paraleldə bu cür bəyanatlar Qərb mediasında da dövriyyəyə buraxılır.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, Ermənistanın regional siyasəti, o cümlədən Azərbaycanla münasibətlərdə ortaya qoyduğu mövqe Qərb ölkələrinin, o cümlədən Fransanın təsirlərinin, təzyiqlərinin və təhriklərinin nəticəsidir:

“Belə ki, Qərb Ermənistanı silahlandırmaqla həm də öz “sifarişlərini” verir. Qərb və Ermənistan mediasında Cənubi Qafqazla bağlı oxşar səpkili materialların dərc olunması da bunu göstərir. Birmənalı şəkildə deyə bilərik ki, Qərb öz məqsədləri naminə Ermənistandakı mövcud hakimiyyətdən istifadə edir. Biz bu ssenarini Yaxın Şərqdə, Şərqi Avropada da görməkdəyik. Qərb əvvəlcə “arı yuvasına çomaq soxur”, sonra da geri çəkilir”.

K.Novruzov qeyd edib ki, İrəvandan səslənən müharibə bəyanatları beynəlxalq aləmdə rəsmi Bakını “vurmaq” – imicini zədələmək üçün ortaya atılır:  

“Müharibə ilə bağlı iddialar ilk növbədə beynəlxalq ictimaiyyətdə Azərbaycana qarşı neqativ imic yaratmağa hesablanıb. İkincisi, Qərb bu yolla regional sülh prosesinə zərbə vurur, süni gərginlik yaradır.

Ermənistan və Qərb rəsmilərinin qapalı görüşlərində İrəvana verilən “məxfi” məlumatların, guya kəşfiyyat informasiyalarının birbaşa Paşinyan hakimiyyətinin “beyninin yuyulmasına” hesablanması mümkündür. Yəni Qərb Ermənistan hakimiyyətində elə rəy yaradır ki, guya Azərbaycan sülh istəmir. Beləliklə, İrəvan sülh yolundan kənara çıxarılır.

Bu tendensiya, əlbəttə, Ermənistanın ziyanınadır və region üçün yaxşı nəsə vəd etmir”.

Turan Rzayev
Globalinfo.az