Smotrich

İsrailin maliyyə naziri Bezalel Smotriç keçmiş general Ofer Vinterə seçki yarışından çəkilməsi müqabilində nazir postu təklif edib. Məqsədin Vinterin sağçı elektoratın səslərini bölərək Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi siyasi düşərgənin mövqelərini zəiflətməsinin qarşısını almaq olduğu bildirilir.

Globalinfo.az xəbər verir ki, Smotriç video müraciətində bildirib ki, gələcək koalisiya danışıqları zamanı rəhbərlik etdiyi “Dini Sionizm” partiyasına ayrılan nazir vəzifələrindən birini Vinterə verməyə hazırdır.

Təklifə əsasən, Vinterə iki istiqamət üzrə fəaliyyət göstərən qurumun yaradılması və ona rəhbərlik etmək imkanı verilə bilər. Bunlardan biri Qəzza zolağından fələstinlilərin “könüllü köçü” məsələsi ilə məşğul olacaq agentliyin, digəri isə ultraortodoks yəhudilərin hərbi xidmətə cəlbini, cəmiyyətə və əmək bazarına inteqrasiyasını təmin edən qurumun yaradılmasıdır.

Smotriç Vinteri 1992-ci il seçkilərində yaşananların təkrarlanmaması üçün ehtiyatlı davranmağa çağırıb. Həmin vaxt sağçı düşərgədəki parçalanma səslərin bölünməsinə və İsxak Rabinin rəhbərlik etdiyi mərkəz-sol qüvvələrin qələbə qazanmasına şərait yaratmışdı. Smotriç həmin siyasi nəticəni sərt tənqid etdiyi Oslo razılaşmalarının imzalanması ilə əlaqələndirib.

“Bu dəfə belə bir riskə getməməliyik!” – deyə nazir vurğulayıb.

O qeyd edib ki, seçki baryerini keçə bilməyən partiyalara verilən səslər nəticələrə ciddi təsir göstərə bilər. Smotriçin fikrincə, Vinterin rəhbərlik etdiyi “Amxa Yisrael” partiyası seçki kampaniyasını davam etdirsə, sağçı seçicilərin səsləri parçalana və Netanyahunu dəstəkləyən siyasi düşərgənin mövqeləri zəifləyə bilər.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: