Korifey sənətkar, SSRİ Xalq artisti Rəşid Behbudovun qızı Rəşidə Behbudova atasının Moskvada SSRİ lideri Mixail Qorbaçovun üzünə Qarabağın Azərbaycana məxsus olduğunu dediyi üçün fiziki işgəncələrə məruz qaldığını, əl və ayaq dırnaqlarının, dişlərinin çıxarıldığını iddia edib. Onun sözlərinə görə, Rəşid Behbudov Bakıya gətiriləndən sonra məsciddə yuyularkən bədənində işgəncə izləri olub.
Bu iddialar nə dərəcədə əsaslıdır?
Globalinfo.az-a danışan politoloq Cümşüd Nuriyev deyib ki, Rəşid Behbudova Şaumyan barəsində Hindistandan gətirdiyi materiallara görə hücumlar olmuşdu:
“Səhv etmirəmsə, 1989-cu il idi. O, qətlə yetiriləcəyini iddia edirdi. Həmin hadisələri xatırlayan olar. Mərhum İsmayıl Şıxlı, Tofiq Bağırov, Bəxtiyar Vahabzadə də orada idi. Ona “Ehtiyatlı ol, bu məsələ ciddi ola bilər” deyə xəbərdarlıq etmişdilər.
Qarabağa görə işgəncəyə məruz qaldığını bilmirəm, amma ona qarşı hansısa təxribatın olduğu doğrudur”.
C.Nuriyev bildirib ki, Rəşid Behbudov Qorbaçovun ermənilərlə bağlı mövqeyi və görüşləri barədə materiallar təqdim etmişdi:
“Daha sonra Qarabağı Rusiyanın, konkret olaraq Qorbaçovun satdığını iddia etmişdi. Bəli, o, bunu Qorbaçovun üzünə də demişdi. Mərhum Tofiq İsmayılov da bunu təsdiqləyirdi və sonradan o da Qorbaçovu ittiham etmişdi. Onlar SSRİ Ali Sovetinin deputatları idilər və bu hadisələr həqiqətən baş vermişdi. Lakin işgəncə və digər məsələlərlə bağlı məndə konkret məlumat yoxdur”.
Zaira Akifqızı
Globalinfo.az