İrəvana qarşı səfərbərlik: hərbçimizə verilən ağır cəza Bakını hərəkətə gətirir

Ermənistanda saxlanılan azərbaycanlı əsir Hüseyn Axundov barəsindəki 20 il həbs qərarı dəyişdirilib və o, azadlıqdan ömürlük məhrum edilib.

Belə olan təqdirdə Azərbaycan hansı addımı atmalıdır?

Mövzunu Globalinfo.az-a şərh edən deputat Elman Nəsirov deyib ki, Ermənistan bir tərəfdən sülh müqaviləsi imzalamağa hazır olduğunu bildirir, üç mühüm strateji əhəmiyyətli prinsip üzrə ortaq mövqeyin olmasından danışır, digər tərəfdən də atdığı addımlarla sülh müqaviləsinin imzalanma imkanlarını heçə endirir.

Elman Nəsirov

Deputat azərbaycanlı əsgərin ermənini öldürməsi xəbərinin dezinformasiya olduğunu bildirib:

“Onlar bununla siyasi şou yaratmaq istəyirlər. Ona görə də, dumanlı hava şəraitində yolu azaraq Ermənistan tərəfinə keçmiş əsgərə öncə 20 il, indi isə ömürlük həbs cəzası təyin ediblər. Bütün bunlar ona istiqamətlənib ki, ya danışıqlar baş tutmasın, ya da danışıqlar zamanı heç bir real nəticə əldə edilməsin. Təbii ki, bu məsələdə bütün məsuliyyət Ermənistan tərəfinə düşür!

Prezident İlham Əliyev dəfələrlə deyib ki, biz sülh tərəfdarıyıq, lakin Ermənistan tərəfi sülh müqaviləsini imzalamaq istəmirsə, bu, heç bizə də lazım deyil. Sülh Ermənistana lazımdır ki, düşdüyü blokada vəziyyətindən çıxsın, iqtisadiyyatını dirçəltsin. Kommunikasiya bərpası daha çox İrəvana lazımdır”.

E.Nəsirov deyib ki, bu cür təxribatçı davranışlar nəticə etibarilə regionda gərginliyi artırır:

“Təbii ki, burada Emmanuel Makronun Nikol Paşinyanın qulağına pıçıldaması da öz rolunu oynayır. Fransadan iqtisadi və hərbi dəstək alan Ermənistan, bir yandan da analoji dəstəyi Kanadadan, Avropadan alır. Eyni zamanda Avropanın 24 dövləti öz mülki nümayəndəliyini Ermənistana göndərib. Bütün reallıqlar fonunda görünür, həm ABŞ-ın, həm Konqresin, həm də Dövlət Departamentinin Ermənistanı müdafiə etməsi, onlarda arxayınlıq sindromu formalaşdırıb. Bu da ona görə edilir ki, Azərbaycan Ermənistan işğalında qalan 8 kəndini geri istəyir. Hesab edirəm, burada da danışıqların heçə endirilməsi üçün təxribatçı davranışları ortaya qoyurlar”.

Deputat Siyavuş Novruzov isə deyib ki, əsgərlərimizin həbs olunması da, onlara hər hansı bir maddə ilə cinayət işi açılması da qeyri-qanunidir:

Siyavuş Novruzov

“Azərbaycanlılara qarşı göstərilən rəftar insan hüquqlarına uyğun deyil. İstər saxlanılan zaman, istərsə də ondan sonrakı dönəmdə onlara verilən işgəncələr nə hərbi qanunvericiliyi ilə, nə də digər beynəlxalq hüquqla uyğun gələn məsələ deyil. Hətta çox az hallarda əsgərlərimizin evləri ilə danışmasına və ya məktub göndərməsinə icazə verirlər. Bu adamlar sadəcə, yolu azaraq gedib Ermənistana çıxıblar, onlar da Hüseyn Axundovun üzərinə ölüm işi yükləyiblər. Əsgərlərimizə qarşı atılan iftiraların hər biri yersizdir! Ona görə də, nə cəza təyin edirlər, etsinlər. Biz bunun heç birini qəbul etmirik! Hökumət də, ayrı-ayrı qurumlar da onların tez bir zamanda öz evlərinə qaytarılması istiqamətində addımlar atırlar”.

Zaira Akifqızı
Globalinfo.az