Ermənistandan göndərilən qovluqda nələr var? – Bakı cavab hazırlığında: Nazirin demədiyi məqamlar…

Xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında “yanvar ayının əvvəlində Ermənistan tərəfindən sülh prosesi ilə bağlı şərh paketini əldə etmişik. Hazırda biz də qarşı tərəfə cavab üzərində çalışırıq” deyib.

O bildirib ki, yaxın vaxtlarda qarşı tərəfə Azərbaycanın şərh paketi təqdim olunacaq.

Bəs Azərbaycanın sülh təklifini Ermənistan qəbul edəcək? Ermənistanın sülh müqaviləsindən yayınması, ya da yenidən uzatması gərginliyə səbəb olacaq?

Ümumiyyətlə hazırda tərəflərin ən azından ilkin sülh müqaviləsi imzalaması önündə maneə nədir?

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Elçin Mirzəbəyli deyib ki, 2024-cü il həm Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması, həm postsovet məkanındakı uzun illərdən bəri gözləmə mövqeyində saxlanılan bir sıra proseslərin gün işığına çıxarılması, həm də qlobal miqyasda cərəyan edən geosiyasi və geoiqtisadi proseslərin aydınlığa çıxması üçün həlledici zaman kəsiyidir:

Elçin Mirzəbəyli

“Ermənistan sülh prosesini sürətləndirmədikcə, öhdəliklərini yerinə yetirmədikcə daha ağır şərtlər qarşısında qalmalı olacaq. Çünki bu il ərzində Ermənistanı Avrasiya məkanında cərəyan edən yeni əməkdaşlıq model və perspektivlərinin qarşısının alınması üçün istifadə etməyə çalışanlar, öz ərazilərində və yaxud regionlarında, maraqlarının olduğu ərazilərdə davamlı, uzun illərdən bəri qapalı qalan, “bu gün üçün saxlanılan” çağırışlara daha çox diqqət ayırmaq məcburiyyətində qalacaqlar. Artıq “domino effekti”nin Şimali və Cənubi Amerikaya, Qərbi Avropaya “sıçradığının” şahidi olmaqdayıq.

Bu baxımdan, düşünürəm ki, əgər Ermənistan yaxın bir neçə ay ərzində bir dövlət olaraq mövcudluğunun xilası haqqında dərindən düşünüb nəticə çıxarmasa, 2024-cü ilin sonlarında daha aşağı statusla regionun siyasi xəritəsində yer almaq seçimində qalacaq. Hazırda İrəvanın, mövcud şərtlər altında sülh müqaviləsini imzalamaq üçün, təxminən 5-6 aylıq zamanı var və hazırda sülh müqaviləsinin imzalanması hər kəsdən çox Ermənistana lazımdır”.

Turan Rzayev
Globalinfo.az