İrəvanın revanş arzusu: Paşinyan da təsdiqlədi

“Azərbaycan Ermənistan sərhədində gərginlik qalmaqdadır. Ordumuzun mövqelərinin atəşə tutulması halları artır, bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülməkdədir”.

Globalinfo.az xəbər verir ki, bu sözləri deputat Vüqar Bayramov deyib.

O bildirib ki, Ermənistan baş nazirinin son açıqlaması İrəvanın sülhə deyil, müharibəyə daha çox meyilli olduqlarını bir daha təsdiq edir:

“Doqquz gündür ki, 40 ton un Ağdam-Xankəndi yolunda gözlədiyi halda “acından öldüklərini” iddia edən ermənilər silahlanmaqdadırlar. Yeni gərginlik siyasi-iqtisadi baxımdan Qafqaz üçün məqbul deyil. Bununla belə, Azərbaycan sülhdə maraqlıdır və bu mövqeyində hər hansı dəyişiklik yoxdur. Təbii ki, istənilən razılaşma yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində mümkündür. Başqa alternativ də yoxdur”.

Deputat deyib ki, məsələnin digər tərəfi savaşa meyillənən Ermənistanda xarici borclanmanın kəskin artmasıdır:

“Bu ilin iyul ayında əvvəlki ayla müqayisədə xarici borc 300 milyon dollar artıb və Ermənistanın indi 6.7 milyard dollar öhdəliyi var. Ümumi dövlət borcu isə 10 milyard dollardan çoxdur. Dövlət borcunun ÜDM-də payı 60 faizi keçib.

Göründüyü kimi, borc bataqlığında boğulan Ermənistanda revanşist meyillər daha da güclənməkdədir. Amma İrəvanda nəzərə almalıdırlar ki, revanşizmi hər zaman dağıda biləcək güclü Azərbaycan Ordusu var”.

Zaira Akifqızı
Globalinfo.az