Bakıdan cavab gözləyirik, narahatıq – Simonyan

simonyan

“Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiya və demarkasiyası prosesi fəal şəkildə davam etdirilir. Yəni danışıqlar dalana dirənməyib”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə açıqlamasında deyib.

Simonyan Rusiya və Azərbaycan arasında münasibətlərin gərginləşməsinin sülh prosesinə müəyyən qədər təsir etdiyini bildirib:

“İrəvan Bakıya öz təkliflərini göndərib, hazırda cavab gözləyir. Müəyyən qədər gecikmə var, narahatıq, lakin bu, Moskva ilə yaşanan gərginlik səbəbindən ola bilər.

Ümumiyyətlə, biz Rusiyanın prosesdə vasitəçilik funksiyasını qəbul etmirik. Ermənistan hər təklifi müzakirə edir. Amma Rusiya ilə bağlı keçmiş təcrübə çox pis xatirələr buraxıb. Ona görə də Moskvanın vasitəçilik məsələsinə müsbət baxmırıq. Rusiyanın vasitəçilik nümunələrinin izi bizim və uşaqlarımızın bədənində qalıb. Moskva erməni xalqını öz səmimiyyətinə inandırmaq üçün ciddi səy göstərməlidir. Bu ölkə hər yüz ildən bir “erməni xalqını qoruyaq” şüarı ilə gəlib, özünün daha böyük gələcək maraqları üçün övladlarımızı xırda sikkələrə çevirir. Sonra qayıdıb mehriban üzlə yenə “biz sizi xilas edəcəyik”, – deyirlər. Bu, artıq mənim üçün qəbuledilməzdir”.

Qeyd edək ki, bundan öncə Rusiya Xarici İşlər Nazirliyi və Kreml rəsmiləri, o cümlədən Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Moskvanın sülh prosesində Bakı və İrəvana dəstəyə hazır olduğunu bildiriblər.

Əliyar Xəlil
Globalinfo.az